Bakı.Trend:
Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Kei Takaqi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM), yaxud Orta Dəhlizin Yaponiya üçün strateji əhəmiyyətini vurğulayıb.
Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, o bunu Yaponiyanın Mərkəzi Asiya və Qafqazla nəqliyyat əlaqələrinin inkişafına həsr olunmuş Tokiodakı konfransda bildirib. Tədbirdə TBNM-in inkişafı və Tokio ilə Almatı arasında birbaşa hava əlaqəsinin yaradılması perspektivləri müzakirə olunub.
Takaqinin sözlərinə görə, Orta Dəhlizin inkişafı Yaponiyaya beynəlxalq nəqliyyat-logistika marşrutlarını şaxələndirməyə imkan verəcək. O, həmçinin marşrutun Yaponiyanın Mərkəzi Asiya və Qafqaz ölkələri ilə ticarət-iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkanlar yaratdığını qeyd edib.
TBNM infrastrukturuna Yaponiya investisiyalarının cəlb edilməsinə həsr olunmuş konfransda müvafiq nazirliklərin, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA), ROTOBO assosiasiyasının və Yaponiya logistika sektorunun nümayəndələri də daxil olmaqla, təxminən 100 nəfər iştirak edib.
Qazaxıstanın səfiri Yerlan Baudarbek-Kojatayev və Azərbaycanın səfiri Fərid Talıbov ölkələrinin nəqliyyat sistemlərinin inkişaf strategiyalarını təqdim ediblər. Bu strategiyalar logistika zəncirlərinin səmərəliliyinin artırılmasına və beynəlxalq nəqliyyat əməkdaşlığının genişləndirilməsinə yönəlib.
Yerlan Baudarbek-Kojatayev çıxışında oktyabrın 15-də Bakıda istismara verilmiş Transxəzər fiber-optik rabitə xəttini də qeyd edib. Yeni xətt beynəlxalq məlumat mübadiləsi imkanlarını genişləndirməyə və rəqəmsal kommunikasiyaların dayanıqlığını artırmağa xidmət edəcək.