Bakı.Trend:
2026-cı ildə dünyada kömürə tələbat əvvəlki ilin səviyyəsində qalaraq təxminən 8,8 milyard ton təşkil edəcək.
Bu barədə beynəlxalq ekspert təşkilatı DNV-nin “2026-cı il üçün Enerji Keçidi Proqnozu” hesabatında bildirilib. Gələcəkdə elektrikləşmənin genişlənməsi və bərpaolunan enerji mənbələrindən istifadənin artması fonunda kömürə tələbatın davamlı şəkildə azalacağı gözlənilir.
Hesabata görə, 2026-cı ildə kömürə tələbat gözləniləndən yüksək olub. Buna səbəb İran ətrafındakı münaqişə ilə bağlı böhranın Asiyaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün təxminən beşdə birini bir neçə ay müddətinə bazardan çıxarmasıdır. Buna cavab olaraq Çin, Hindistan, Yaponiya və Cənubi Koreyanın elektrik enerjisi istehsalçıları kömürdən istifadəni artırıblar. Nəticədə qlobal kömürə tələbat əvvəlki ilin səviyyəsində qalıb.
Bununla belə, DNV bu vəziyyətin uzunmüddətli olmayacağını proqnozlaşdırır. Hesabata əsasən, dünyada kömür hasilatı 2026-cı ildəki təxminən 9 milyard tondan 2030-cu ildə 7 milyard tona, 2060-cı ildə isə 1,3 milyard tona qədər azalacaq.
Hesabatda qeyd olunur ki, 2026-cı ildə qlobal kömürə tələbatın 69 faizi elektrik enerjisi istehsalının, 25 faizi isə emal sənayesinin payına düşüb. Gələcəkdə energetika sektorunun payı azalacaq və 2060-cı ildə əhəmiyyətli dərəcədə kiçilmiş dünya kömür bazarının 40 faizini təşkil edəcək.
Eyni zamanda, polad və sement istehsalının elektrikləşdirilməsinin çətin olması səbəbindən emal sənayesinin nisbi əhəmiyyəti artacaq.
Çin dünyada ən böyük kömür istehlakçısı mövqeyini qoruyacaq. 2026-cı ildə ölkədə kömürə tələbat 100 eksacoul (EC), yaxud dünya üzrə ümumi həcmin 58 faizi səviyyəsində olacaq. 2040-cı ilədək bu göstəricinin təxminən iki dəfə azalaraq 55 EC-yə, 2060-cı ilədək isə 12 EC-yə düşəcəyi gözlənilir. Bu, 2026-cı ilin səviyyəsindən 86 faiz azdır.
Əsas amil elektrik enerjisi istehsalında kömürün bərpaolunan enerji mənbələri ilə əvəzlənməsinin davam etməsi olacaq. İstehlak azalsa da, 2060-cı ildə dünya üzrə kömürə tələbatın 40 faizi Çinin payına düşəcək.
DNV-nin proqnozuna görə, Hindistan kömürə tələbatın əvvəlcə artacağı, daha sonra isə azalacağı yeganə region olacaq. Sənayenin və elektrik enerjisi istehsalının genişlənməsi nəticəsində bu göstərici 2026-cı ildəki 24 EC-dən 2032-ci ildə təxminən 30 EC-yə yüksələcək. 2040-cı ildə tələbatın 21 EC-yə, 2060-cı ildə isə 5 EC-yə enəcəyi gözlənilir.
Hesabata əsasən, Hindistanda kömür istehlakının sonrakı azalmasının böyük hissəsi elektrik enerjisi istehsalının payına düşəcək. 2040–2060-cı illərdə bu sektorda kömür istehlakı 88 faiz azalacaq. Emal sənayesində tələbat isə daha tədricən aşağı düşəcək.
Cənub-Şərqi Asiyada kömürə tələbat 2030-cu illərin ortalarınadək, demək olar ki, dəyişməz qalacaq. Bundan sonra göstəricinin 2060-cı ilədək 3 EC-yə, yaxud hazırkı səviyyənin təxminən üçdə birinə enəcəyi proqnozlaşdırılır. Bununla belə, digər regionlarda istehlak daha sürətlə azalacağından Cənub-Şərqi Asiyanın dünya üzrə kömür tələbatındakı payı 6 faizdən 12 faizə yüksələcək.
DNV-nin məlumatına görə, dünyanın digər regionlarında kömürə tələbat 2026-cı ildəki 37 EC-dən 2040-cı ildə 18 EC-yə, 2060-cı ildə isə 9 EC-yə düşəcək. Əsas səbəb Asiyadan kənarda elektrik enerjisi istehsalında kömürdən istifadənin daha da azaldılması olacaq.
Hesabatda bildirilir ki, dünyada hasil edilən kömürün təxminən 10 faizi beynəlxalq ticarətə çıxarılır. Bu, beynəlxalq bazarda satılan neft və qazın payından xeyli azdır. Buna görə də kömür hasilatı, əsasən, regional tələbatdan asılıdır.
DNV-nin proqnozuna əsasən, 2026-cı ildə dünyada təxminən 9 milyard ton kömür hasil ediləcək. Bunun 8 milyard tonunu daş kömür, 1 milyard tonunu isə qonur kömür təşkil edəcək.
Çin və Hindistanın daxili kömür hasilatını əvvəlki proqnozlarla müqayisədə daha uzun müddət ərzində hazırkı səviyyələrə yaxın saxlayacağı gözlənilir. Uzunmüddətli perspektivdə isə bütün regionlarda kömür hasilatı əhəmiyyətli dərəcədə azalacaq. Ən böyük mütləq azalma Çində qeydə alınacaq, azalan qlobal hasilatda Hindistanın payı isə artacaq.
İran ətrafındakı münaqişə beynəlxalq kömür ticarətinə də təsir göstərib. Qaz qiymətlərinin artması Asiyanın bəzi ölkələrində daş kömürə tələbatı stimullaşdırıb və müvəqqəti olaraq kömür qiymətlərinin yüksəlməsinə səbəb olub. Lakin beynəlxalq ticarətdə iştirak edən kömürün payının nisbətən az olması səbəbindən bu təsirin zəifləyəcəyi gözlənilir.
2026-cı ildən etibarən iri ixracatçı ölkələrin daxili tələbatın ödənilməsinə və enerji təhlükəsizliyinin təmin olunmasına üstünlük verməsi nəticəsində dünya üzrə kömür ticarətinin həcmi azalmağa davam edəcək.
Hesabata görə, 2026–2035-ci illərdə beynəlxalq kömür ticarətinin həcmi təxminən 70 faiz, 2060-cı ilədək isə 90 faiz azalacaq. Bu azalma dünyanın bütün regionlarında kömürə tələbatın aşağı düşməsi fonunda baş verəcək.