Bakı. Trend:
Oktyabrın 17-də Füzuli Şəhəri Günü çərçivəsində uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri təşkil olunub.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə uşaqlar təsviri sənətin müxtəlif istiqamətləri üzrə praktiki məşğələlərdə iştirak edib, öz yaradıcılıq nümunələrini hazırlayıb və müxtəlif mövzularda rəsmlər çəkiblər.
Ustad dərslərinin əsas məqsədi uşaqların təsviri sənətə marağını artırmaq, yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və onların sərbəst yaradıcılıq imkanlarını təşviq etmək olub.
Qeyd edək ki, 17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə şəhərdə silsilə ictimai-mədəni tədbirlər keçirilir. Tədbirlər Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunur.
Tədbirlərin məqsədi Füzulinin işğaldan azad olunmasını qeyd etmək, milli-mənəvi dəyərləri yaşatmaq, şəhər sakinlərinin bir araya gəlməsinə şərait yaratmaq, uşaqların və böyüklərin asudə vaxtlarını səmərəli təşkil etmək, eləcə də Böyük Qayıdış çərçivəsində doğma yurdlarına qayıdan ailələrlə bayram sevincini bölüşməkdir.














