Bakı. Trend:
Qusar–Əniq–Laza avtomobil yolunun 45-ci kilometrində 4 ədəd suötürücü borunun və yolun hərəkət hissəsinin bərpası, həmçinin iki ərazidə yeni körpülərin tikintisi həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, Qusar rayonunda leysan və güclü sel nəticəsində zərər görmüş yol infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir.
Görülən işlər çərçivəsində yolun dayanıqlığının artırılması, sel və yağış sularının təhlükəsiz şəkildə ötürülməsi, eləcə də gələcəkdə mümkün yuyulma və dağılma hallarının qarşısının alınması məqsədilə müasir mühəndis həlləri və qabaqlayıcı tədbirlər tətbiq olunur.
Dağlıq relyefə malik ərazidə həyata keçirilən layihə yolun istismar etibarlılığının yüksəldilməsinə, nəqliyyat əlaqələrinin fasiləsizliyinə, yerli sakinlərin və bölgəyə səfər edən turistlərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsinə xidmət edir.
Qeyd edilib ki, leysan və selin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilir.