Bakı.Trend:
ABŞ və İran arasında münaqişənin dayandırılması və Hörmüz boğazından kommersiya gəmiçiliyinin bərpası ilə bağlı razılaşmaların pozulması fonunda 2026-cı ilin üçüncü rübündə təbii qazın dünya bazarındakı əsas qiymət göstəriciləri kəskin artıb.
"Oxford" Enerji Araşdırmaları İnstitutunun (OIES) qaz bazarına dair rüblük icmalında qeyd olunub ki, diplomatik irəliləyiş olmadığı təqdirdə, 2027-ci ilin mart ayı yaxınlaşdıqca ən yaxın müddətdə tədarükü nəzərdə tutulan qaz fyuçerslərinin qiyməti bir milyon Britaniya istilik vahidi (MMBtu) üçün 30 dolları ötə bilər.
Hesabata əsasən, 2026-cı ilin ikinci rübündə Niderlandın TTF qaz habında qiymətlər əsasən bir milyon Britaniya istilik vahidi üçün 13,50-17,50 dollar və ya bir meqavat-saat üçün 40-50 avro arasında dəyişib.
“Lakin ABŞ və İran arasında dolayı təmasların dayandırılmasından və hər iki tərəfin hərbi əməliyyatları bərpa etməsindən sonra qiymətlər yenidən artmağa başlayıb. Sentyabrın ortalarında TTF-də ən yaxın müddətdə tədarükü nəzərdə tutulan fyuçerslərin qiyməti bir milyon Britaniya istilik vahidi üçün 28 dollara (bir meqavat-saat üçün 83,53 avro) çataraq yeni maksimuma yüksəlib. Bu, martın ortalarında qeydə alınmış əvvəlki zirvəni – bir milyon Britaniya istilik vahidi üçün 21 dolları (bir meqavat-saat üçün 61,85 avro) ötüb.
Sentyabrın ikinci yarısında Avropa və Asiyaya tədarük edilən qazın qiymətləri bir qədər azalsa da, bazar vəziyyətdəki dəyişikliklərə həssas olaraq qalır.
Avropanın qaz anbarlarının doldurulma tempi tarixi orta göstəricilərə çatmağa imkan vermir. Bu isə Avropa qaz bazarını uzunmüddətli soyuq hava dövrlərinə və bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının azalmasına qarşı həssas edir. Xüsusilə, qarşıdan gələn qışda külək enerjisi istehsalının azalması bu baxımdan risk yaradır”, – deyə OIES-in icmalında bildirilib.
İnstitutun qiymətləndirməsinə görə, dayanıqlı siyasi razılaşmanın əldə olunmaması və qış başlamazdan əvvəl Fars körfəzi ölkələrindən mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün bərpası perspektivlərinin olmaması qiymətlərin daha da artmasına səbəb ola bilər.
“Bazarın dinamikasına qış mövsümündə tələbat, ABŞ-də LNG istehsalı güclərinin artırılması, fəaliyyətdə olan Amerika layihələrindən tədarük həcmləri, Avropada daxili qaz hasilatı və boru kəmərləri vasitəsilə idxal da təsir göstərəcək”, – deyə hesabatda qeyd olunub.
Bununla yanaşı, OIES bildirir ki, yüksək qiymətlər artıq Avropada və Asiyanın inkişaf etməkdə olan ölkələrində tələbatın azalmasına səbəb olur.
“Hörmüz boğazı ətrafındakı vəziyyətin nizamlanmasında irəliləyiş əldə olunacağı təqdirdə Qətərdən LNG tədarükünün tam bərpası əsas qiymət göstəricilərinin kəskin azalmasına səbəb ola bilər”, – deyə icmalda vurğulanıb.