Bakı. Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,8 dəfə çoxdur.
Trend-in müxbiri xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov cümə günü Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində çıxışında deyib.
O bildirib ki, 2025-ci ilin ilk 9 ayında qəbul edilmiş dövlət standartlarının sayı 221 olub. Cari ilin müvafiq dövründə qəbul edilən standartlardan 92-si nəqliyyat, 62-si qida texnologiyası və kənd təsərrüfatı, 43-ü isə mebel sahəsini əhatə edib.
İ.Həsənovun sözlərinə görə, 2021-ci ildə 36 dövlət standartı qəbul olunduğu halda, 2025-ci ildə bu göstərici 345-ə çatıb və 9,6 dəfə artıb.
“Növbəti mərhələdə standartların sayının artırılması ilə yanaşı, onların iqtisadiyyatın ehtiyaclarına uyğunlaşdırılması, sahibkarlıq subyektləri üçün əlçatanlığının genişləndirilməsi və praktik tətbiqinin təşviqi də diqqət mərkəzində saxlanılacaq”, – deyə sədr müavini vurğulayıb.
O qeyd edib ki, qarşıdakı dövrdə rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyat, yaşıl enerji, ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə və enerji səmərəliliyi sahələrində standartların qəbul edilməsi və təşviqi planlaşdırılır.
İ.Həsənov Azərbaycanın standartların hazırlanması üzrə beynəlxalq əməkdaşlıqda iştirakının genişləndiyini də bildirib. Onun sözlərinə görə, ölkə mütəxəssisləri Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 107 texniki komitəsinin fəaliyyətində iştirak edirlər. Azərbaycan isə 2026-cı il yanvarın 1-dən Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) assosiativ üzvüdür.
Sədr müavini əlavə edib ki, beynəlxalq standartların tətbiqi istehsalçıların əlavə xərclərinin və təkrar sınaqların azalmasına, məhsulların xarici bazarlara çıxışının asanlaşmasına şərait yarada bilər.