Bakı.Trend:
Niderlandiyanın ING bank qrupu 2029-cu ilədək Azərbaycan ÜDM-nin artımına dair yenilənmiş proqnozunu açıqlayıb.
ING-nin məlumatına görə, 2026-cı ildə Azərbaycanın ÜDM-nin illik artımı 1,5 faiz təşkil edəcək.
Analitiklərin qiymətləndirmələrinə əsasən, 2027-ci il üçün proqnoz dəyişməyərək 3 faiz səviyyəsində qalacağı, 2028-ci ildə isə ÜDM-nin 2,5 faiz artacağı gözlənilir.
2026-cı ilin rübləri üzrə proqnozlara gəlincə, üçüncü rübdə artımın 2,8 faiz, dördüncü rübdə isə 1,7 faiz təşkil edəcəyi gözlənilir.
2027-ci ildə ÜDM artımının birinci rübdə 3 faiz, ikinci rübdə 3,5 faiz, üçüncü rübdə 2 faiz, dördüncü rübdə isə 3,5 faiz olacağı proqnozlaşdırılır.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında ölkədə 102 milyard 48 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Qurumun məlumatına əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. İl ərzində neft-qaz sektorunda ÜDM-in dəyəri 1,2 faiz azalaraq 30,326 milyard manat, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artaraq 71,722 milyard manat təşkil edib.
Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) regional iqtisadi proqnozunda Azərbaycanın ÜDM artımına dair gözləntilərini 2026-cı il üçün 2 faiz, 2027-ci il üçün isə 2,5 faiz səviyyəsində saxlayıb. Bu göstəricilər bankın əvvəlki proqnozları ilə müqayisədə dəyişməyib.
Hesabatda qeyd olunur ki, Azərbaycanın iqtisadiyyatı 2024-cü ildə 4,2 faiz artıb, 2025-ci ildə isə artım tempi 1,4 faizə qədər azalıb. 2026-cı ilin ilk yarısında ÜDM artımı 0,8 faiz təşkil edib.
AYİB bildirir ki, 2026-cı ilin birinci rübündə azalmadan sonra istehsal həcmi bərpa olunub və ilin ilk yeddi ayında illik ifadədə 1,4 faiz artım qeydə alınıb. Bu dövrdə neft-qaz sektorunda 0,6 faizlik azalma müşahidə edildiyi halda, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də sənaye sahələrindəki yüksək göstəricilər sayəsində qeyri-neft ÜDM-i illik ifadədə 2,2 faiz artıb.
Bankın məlumatına görə, əsas kapitala investisiyalar illik ifadədə 10,7 faiz artıb. Bu artım, əsasən, neft-qaz sektoruna yatırılan investisiyalar hesabına təmin olunub. Orta illik inflyasiya 5,7 faiz təşkil edərək Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun yuxarı həddinə yaxın olub.
AYİB xatırladıb ki, Mərkəzi Bank fevral ayında uçot dərəcəsini 25 baza bəndi azaltdıqdan sonra onu 6,5 faiz səviyyəsində saxlayıb.
Hesabatda bildirilir ki, 2026-cı ilin ilk yeddi ayında Azərbaycanın dövlət büdcəsinin profisiti ÜDM-in təxminən 4,5 faizinə bərabər olub. 2026-cı ilin birinci rübündə son dörd rüb üzrə hesablanmış cari əməliyyatlar hesabının profisiti ÜDM-in 5,3 faizinə çatıb.
Ölkənin strateji valyuta ehtiyatları 2026-cı ilin avqust ayının əvvəlində 2025-ci il üzrə ÜDM-in 114 faizinə çatıb. Bu göstərici illik ifadədə 12,2 faiz artıb.