Bakı. Trend:
Azərbaycanda korporativ istiqraz emissiyalarının ümumi həcminin təxminən 25 faizi SOCAR-ın istiqrazlarının payına düşür.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Tərlan Rəsulov cümə axşamı Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanda korporativ istiqraz emissiyalarının ümumi həcmi təxminən 2 milyard manatdır. Bunun 400 milyon manatlıq hissəsi SOCAR-ın istiqrazlarının payına düşür.
“Ümumilikdə, korporativ istiqrazlar bazarının həcmi təxminən 2 milyard manatdır. Bunun 400 milyon manat civarında olan hissəsi SOCAR-ın istiqrazlarından ibarətdir. Yəni bu, ümumi həcmin təxminən 25 faizidir”, - deyə T.Rəsulov qeyd edib.
Baş direktorun sözlərinə görə, SOCAR istiqrazlarının tədavül müddətinin başa çatması onların bazardakı həcminin azalmasına səbəb ola bilər.
O vurğulayıb ki, korporativ istiqrazlar bazarındakı dəyişikliklərə dövlət qiymətli kağızlarının həcmi və ayrı-ayrı istiqraz emissiyalarının tədavül müddətinin başa çatması da təsir göstərir.
T.Rəsulov bankların borclanma həcminin azalmasına da münasibət bildirərək qeyd edib ki, bu proses bazardakı mövcud şərait və bankların borclanma strategiyası ilə əlaqəlidir.
“Burada qeyri-adi bir məsələ yoxdur. Bankların borclanma həcminin azalması ümumi strategiya və bazarda baş verən dəyişikliklər baxımından təbii haldır”, - deyə o bildirib.