Bakı. Trend:
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər yekunlaşma mərhələsindədir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov cümə axşamı Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, hazırlanan dəyişikliklərin əsas məqsədi sığorta ödənişlərinin şəffaflığını artırmaq və sığorta məbləğlərinin daha adekvat müəyyənləşdirilməsini təmin etməkdir.
Bundan əlavə, baş direktor vurğulayıb ki, icbari sığorta müqavilələrinin sayında azalma bir neçə amillə bağlıdır. Bunlara sığorta müqavilələrinin bağlanma müddətləri ilə əlaqədar göstəricilərdəki dəyişikliklər, müəyyən sığorta növləri üzrə sığorta məbləğlərinin artması, eləcə də bəzi kateqoriyalar üzrə sığortalanma prosesinin dövlət tərəfindən həyata keçirilməsi daxildir.
“İcbari sığorta müqavilələrinin sayında azalma müşahidə olunur. Bunun səbəblərindən biri sığorta məhsullarının bağlanma tarixləri ilə bağlıdır. Digər tərəfdən, müəyyən icbari sığorta növləri üzrə sığorta məbləğlərində artım qeydə alınıb. Bəzi kateqoriyalar üzrə sığortalanma prosesinin dövlət tərəfindən həyata keçirilməsi də bu göstəricilərə təsir edib”, - deyə V.Qurbanov qeyd edib.
AMB rəsmisi bildirib ki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanunvericilik layihəsi artıq bir müddətdir aidiyyəti dövlət qurumları ilə razılaşdırılır və hazırda yekunlaşdırılma mərhələsindədir. Bununla yanaşı, qanunvericilikdən irəli gələn digər konseptual məsələlər üzrə də Mərkəzi Bank tərəfindən iş aparılır.
Onun sözlərinə görə, dəyişikliklər sığorta ödənişlərinin daha şəffaf həyata keçirilməsinə, sığorta məbləğlərinin isə əmlakın dəyərinə uyğun və daha dəqiq müəyyən edilməsinə xidmət edəcək.
“Qanunvericiliyin yeni variantının əsas məqsədi sığorta ödənişlərini daha şəffaf etmək və sığorta məbləğlərini daha adekvat müəyyənləşdirməkdir. Əmlakın dəyərinə uyğun sığorta məbləğinin müəyyən edilməsi vacibdir”, - deyə o bildirib.
V.Qurbanov vurğulayıb ki, nəzərdə tutulan dəyişikliklər icbari sığorta müqavilələrinin sayını artırmaq məqsədi daşımır. Layihənin əsas istiqaməti sığorta xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, sığorta proseslərinin təkmilləşdirilməsi və əmlakın real dəyərinin sığortalanma zamanı daha düzgün nəzərə alınmasıdır.
“Biz sığorta müqavilələrinin sayında artım nəzərdə tutmamışıq. Layihənin məqsədi xidmət səviyyəsini yüksəltmək, sığorta ödənişlərinin şəffaflığını artırmaq və əmlakın dəyərinə uyğun sığortalanmanı təmin etməkdir”, - deyə AMB-nin baş direktoru əlavə edib.