Bakı. Trend:
2025–2026-cı il bəyan dövründə qiymətləndirilən 313 min fermerdən təxminən 39 mininin reytinqi 30 bal həddini keçib. Reytinqi 30 baldan yüksək olan fermerlər əkin subsidiyasının 30 faizini avans almaq üçün müraciət edə bilərlər.
Trend-in müxbiri xəbər verir ki, bunu “Aqrar Süni İntellekt” layihəsinin rəhbəri Surxay Novruzov cümə axşamı “Aqrar Süni İntellekt” layihəsinin icra vəziyyəti və aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə dair mətbuat konfransında deyib.
Layihə rəhbəri bildirib ki, qiymətləndirmədə torpaq analizi, növbəli və təkrar əkin, uyğun bitki seçimi, üzvi gübrələrdən istifadə, sığorta, müasir texnologiyaların tətbiqi və bəyanların düzgünlüyü kimi meyarlar nəzərə alınır.
“Reytinqi 30 baldan yüksək olan fermerlər əkin subsidiyasının 30 faizini avans almaq üçün müraciət edə bilərlər. Avans subsidiya müraciətlərinin qiymətləndirilməsi zamanı əkin sahələrinin şumlanıb-şumlanmadığını peyk təsvirləri əsasında müəyyən edən həll də tətbiq olunur”, – deyə o qeyd edib.
S.Novruzovun sözlərinə görə, hazırlanmış süni intellekt və rəqəmsal həllər fermerlərə EKTİS, mobil tətbiq və “KTN ASİ” Telegram botu vasitəsilə təqdim olunur:
“Mobil tətbiq bitkilərin inkişaf fazaları üzrə risk xəritəsini və fermer reytinqinin komponentlərini əhatə edir. Telegram botu vasitəsilə isə xəstəlik və zərərverici riskləri, dərmanlama üçün uyğun vaxtlar, bitkilərin inkişaf fazaları üzrə risklər və sahə səviyyəsində suvarma ehtiyacı barədə məlumatlar təqdim olunur”.
Bildirilib ki, "Telegram" botu fermerlərin mobil telefonlarına gündəlik bildirişlər göndərir. Sistem qeydiyyatlı əkin sahəsi üzrə qarşıdakı yeddi gün üçün saatlıq risk cədvəlini, risklərin meteoroloji səbəblərini və dərmanlama üçün uyğun vaxtları göstərir.
Qeyd olunub ki, sistemin təqdim etdiyi nəticələr məlumat xarakteri daşıyır. Aqrotexniki və bitki mühafizəsi tədbirləri görülməzdən əvvəl aqronomla məsləhətləşmək tövsiyə olunur.