Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində güclü leysan nəticəsində yolları, yeraltı keçidləri və tunelləri su basıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar oktyabrın 15-də şəhər üzrə məktəblərdə əyani təhsil dayandırılıb.
Türkiyə mətbuatının məlumatına görə, yağış nəticəsində bəzi ev və iş yerlərini su basıb, avtomobillər yollarda qalıb. Eyüpsultan rayonunda yol çöküb, Beykozda isə evlərdən birinin həyət divarının uçması nəticəsində iki nəfər xəsarət alıb.
İstanbul valiliyinin qərarına əsasən, dövlət və özəl təhsil müəssisələrində əyani təhsilə bir gün ara verilib. Həmçinin dövlət qurumlarında çalışan əlilliyi olan şəxslər, hamilə qadınlar, 8 yaşından kiçik uşağı olan qadın əməkdaşlar, müəyyən istisnalarla məzuniyyətə buraxılıblar. Motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin hərəkəti oktyabrın 14-də saat 21:00-dan etibarən ikinci göstərişədək qadağan edilib.
İstanbul valisi Davut Gül sakinləri zərurət olmadıqca evdən çıxmamağa, gecəni daha təhlükəsiz və yuxarı mərtəbələrdə keçirməyə çağırıb.
Qeyd edilib ki, şəhərdə 378 təcili tibbi yardım və beş Milli Tibbi Xilasetmə Qrupu (UMKE) fəaliyyət göstərir.
İstanbul Böyükşəhər Bələdiyyəsinin məlumatına görə, şəhərdə nəqliyyat sıxlığı 89 faizə çatıb.