Bakı. Trend:
Azərbaycan İranın şimal-qərbində yerləşən Ərdəbil vilayəti üçün Qafqaz və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin bazarlarına giriş qapısı hesab olunur.
Bunu Trend-ə açıqlamasında İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə deyib.
“Azərbaycanın coğrafi mövqeyi, logistika, geosiyasi və iqtisadi baxımdan böyük önəm kəsb edir. İran və İranın Ərdəbil vilayəti Azərbaycanın bu mövqeyindən ticarət mübadilələrinin və iqtisadi əlaqələrin güclənməsi üçün istifadə edə bilər.
İranın Ərdəbil vilayətinin Azərbaycanla 370 km uzunluğunda birgə sərhədi olduğunu nəzərə alaraq ticarət və iqtisadi əməkdaşlığın artırılması və iqtisadi əlaqələrin sadələşdirilməsi diqqət mərkəzindədir”, - deyə o qeyd edib.
İmami Yeganə əlavə edib ki, hazırda gündəmdə turistlərin və iş adamlarının quru sərhəd keçidləri ilə keçidinə şəraitin yaradılmasıdır. Bu istiqamətdə müsbət addım atılarsa, Ərdəbil vilayəti, ümumilikdə İranın ticarət əlaqələrinin inkişafında effektiv təsiri olacaq.
“Ərdəbilli iş adamlarının Azərbaycan vasitəsi ilə ticarəti həyata keçirməsi üçün onların quru sərhəd-keçidindən keçməsinə şəraitin yaradılması ticarət əlaqələrinin artmasına köməklik göstərə bilər.
Cari İran ilinin 6 ayı (21 mart -22 sentyabr 2026) ərzində İranın Ərdəbil vilayətindən 100 milyon dollar dəyərində məhsullar ixrac olunub. Ötən İran ilində (21 mart 2025 -20 mart 2026) isə Ərdəbil vilayətinin məhsul ixracı 278 milyon dollar təşkil edib. Ərdəbil vilayətinin məhsulları əsasən Biləsuvar gömrüyü vasitəsi ilə Azərbaycan, Gürcüstan və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə ixrac olunur. Vilayətin məhsul ixracı əsasən kənd təsərrüfatı və istixana məhsulları üzrədir”, - deyə o bildirib.
Ərdəbil valisi deyib ki, Ərdəbil vilayətinin Azərbaycanla sərhədində Biləsuvar sərhəd-keçid məntəqəsindən gündəlik 500 yük maşını keçir. Biləsuvar gömrüyündə keçidin sadələşdirilməsi ticarət dövriyyəsinin artmasına öz töhfəsini verə bilər.
İmami Yeganə bildirib ki, Ərdəbil vilayətinin kənd təsərrüfatı sektorunda müəyyən potensialları var. Ərdəbil kənd təsərrüfatı sektorunda yeni suvarma texnologiyası sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.
“Ərdəbil vilayətində Azərbaycanla dəmiryolu əlaqələrinin inkişafı istiqamətində dəmiryol logistika terminalının yaradılması üçün lazımi razılaşmalar əldə olunub. Bu terminalın yaradılması Ərdəbil vilayəti və İranın iqtisadi əlaqələri inkişaf etdirməsi üçün önəmli planlardan biridir”, -deyə o qeyd edib.
Ərdəbil valisi əlavə edib ki, İranın sərhəd vilayətləri ilə Azərbaycan arasında fövqəladə hallarla əlaqədar iki ölkə arasında anlaşma sənədinin tənzimlənməsi nəzərdə tutulur.