Bakı.Trend:
Azərbaycan bazarı beynəlxalq pul köçürmələri infrastrukturunu regionda inkişaf etdirməyi planlaşdıran Türkiyənin "İst-Pay" ödəniş şirkəti üçün böyük maraq kəsb edir.
Bu barədə Trend-ə "İst-Pay" şirkətinin biznesin inkişafı üzrə meneceri Svetlana Məmmədova Bakıda Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkil etdiyi türk dövlətlərinin nümayəndələrinin iştirakı ilə fintex missiyası çərçivəsində keçirilən B2B görüşlərində bildirib.
Onun sözlərinə görə, şirkət analoji sahədə fəaliyyət göstərən yerli fintex şirkətləri və maliyyə qurumları ilə görüşlər keçirib.
“Bizim üçün burada olmaq, yerli şirkətlər, fintex şirkətləri və bizimlə eyni sahədə fəaliyyət göstərən maliyyə qurumları ilə birbaşa görüşlər keçirmək çox vacibdir. Bu görüşlər gələcəkdə davam etdirilsə də, birdəfəlik xarakter daşısa da, hər bir halda təcrübə qazanır və iki dost ölkə arasında əlaqələrimizi genişləndiririk.
Görüşlər zamanı şirkət Azərbaycanda beynəlxalq və daxili ödənişlər bazarının inkişaf tendensiyalarını öyrənmək və təcrübə mübadiləsi aparmaq məqsədilə mümkün qədər çox maliyyə qurumu ilə əlaqələr qurmağa çalışır.
Bizimlə eyni sahədə fəaliyyət göstərən şirkətlərə, yəni maliyyə qurumlarına diqqət yetirmişik. Məqsədimiz yalnız biznesi inkişaf etdirmək deyil, həm də təcrübə mübadiləsi aparmaq və iki ölkə arasında vahid ekosistem formalaşdırmaqdır”, – deyə o bildirib.
S.Məmmədova görüşlərin nəticəsi olaraq əməkdaşlığın inkişafına yönəlmiş sənəd və sazişlərin imzalana biləcəyinə də əminliyini ifadə edib.
“Azərbaycan Türkiyə üçün beynəlxalq pul köçürmələri ekosisteminin inkişaf etdiyi əsas mərkəzlərdən biridir. Hesab edirəm ki, sənəd və sazişlərin imzalanması yeni kanalların yaradılmasına, ödəniş infrastrukturunun inkişafına, eləcə də yerli və türkiyəli müştərilər üçün yeni ödəniş həllərinin tətbiqinə imkan verəcək”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, "İst-Pay" Türkiyədə lisenziyalı ödəniş təşkilatıdır. Şirkətin əsas fəaliyyət istiqaməti nağd pul köçürmələri, rəqəmsal köçürmələr və beynəlxalq ödənişlər də daxil olmaqla, beynəlxalq pul köçürmələridir.
Şirkət müştərilərin və tərəfdaşların iki ölkə arasında pul köçürmələrini həyata keçirməsinə imkan verən kanallar yaratmaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir.
“Biz hesab edirik ki, regionda beynəlxalq pul köçürmələri üçün etibarlı infrastruktur yarada bilərik”, – deyə S.Məmmədova əlavə edib.