Bakı. Trend:
Məktəblərdə vahid geyim qaydalarına qarşı olan çıxışların kökündə daha çox xaricdə qaynağı, mənbəyi olan və azərbaycanlıların şüurunu manipulyasiya etməyə yönəlmiş mənbələr dayanır.
Bu barədə Trend-ə açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov deyib.
O qeyd edib ki, burada hər hansı səmimi dini ehtiyacdan böyük ölçüdə danışmaq mənə elə gəlir ki, mümkün deyildir.
"Məsələ onunla bağlıdır ki, doğrudan da maarifçi dövlət modeli Azərbaycanda müstəqillik mərhələsində davamlı olaraq həyata keçirilən xəttlərdən biridir. Bundan başqa, hər bir ölkə kimi Azərbaycanın öz daxili və xarici tələbatları, maraqları vardır, onların üzərindən siyasət yeridilir.
Nazirlər Kabinetinin bu qərara gəlməsi tamamilə əsaslıdır. Azərbaycanın dövlətçiliyinin müasir mərhələdə inkişafının xüsusiyyətləri kontekstində əsaslı və aktualdır. Burada başlıca məqsəd vahid məktəbli geyim formasını tətbiq etməklə Azərbaycanın təhsil sisteminin həm dünyəviliyini vurğulamaq, həm də əsasən milli-ideoloji maraqlarımıza uyğun gənc nəslin yetişdirilməsinə çalışmaq cəhdi dayanır. Bu baxımdan Nazirlər Kabinetinin qərarı qəbul edilməlidir, hər bir vətəndaş buna ayıq-sayıqlıqla yanaşmalıdır", - deyə o əlavə edib.
F.Qurbanov vurğulayıb ki, indiki şəraitdə kənardan olan pozucu mənəvi-ideoloji təzyiqlər, informasiya təzyiqləri, dezinformasiyalar olub və belə görünür ki, bundan sonra da uzun müddət ola bilər.
"Burada dini məsələyə süni surətdə qarışdırmaq məqsədləri, bilirlər ki, azərbaycanlılar öz dinlərinə sadiqdir. azərbaycanlılar İslamı çox sevirlər, onun mənəvi keyfiyyətlərini daşıyırlar, dəyərlərinə böyük üstünlük verirlər, hakimiyyət də, iqtidar da bu istiqamətdə lazım olan bütün işləri görür. Ancaq təhsil sistemində elə məsələlər, məqamlar vardır ki, onları da nəzərə almaq lazımdır. Buna görə də Nazirlər Kabinetinin bu qərarı hesab edirəm ki, yerindədir və o dəstəklənməlidir", - deyə o qeyd edib.
Xatırladaq ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Qərara əsasən, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə aşağıdakı dəyişikliklər ediləcək: - Təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
- Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir. - Valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.