İlk növbədə, Azərbaycan–İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunması, bu əlaqələrə guya müstəsna xarakter verilməsi və bundan Azərbaycan əleyhinə siyasi ittihamlar irəli sürülməsi cəhdlərini qətiyyətlə rədd edirik. Azərbaycan Respublikası İsraillə beynəlxalq hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan normal dövlətlərarası münasibətlərə malikdir.
Bu barədə Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral və hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən ölkəmizlə bağlı səsləndirilmiş fikirlərinə münasibətində qeyd edilib.
Qeyd olunub ki, Azərbaycanın Fələstin məsələsində mövqeyi isə ardıcıl, aydın və prinsipialdır.
"Ölkəmiz Fələstin xalqının qanuni hüquqlarını daim dəstəkləmiş, Fələstinə maliyyə və humanitar yardımlar göstərmişdir. Fələstin Prezidenti Mahmud Abbas və Baş nazir Məhəmməd Mustafa müxtəlif vaxtlarda Azərbaycanda səfərdə olmuşlar. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin fəaliyyəti də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təmin olunur.
Prezident İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq tribunalardan bəyan etmişdir ki, Azərbaycan Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərtilə “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir. Azərbaycanın Qəzzada baş verən hadisələrlə bağlı mövqeyi də humanitar dəyərlərə, mülki əhalinin müdafiəsinə və beynəlxalq hüquqa əsaslanır", - açıqlamada bildirilib.