Bakı.Trend:
ABŞ və Avropa Ukrayna münaqişəsinin nizamlanmasına dair dörd bənddən ibarət təklif hazırlayır.
Bu barədə "The Washington Post" (WP) qəzeti məlumat verib.
Mənbələrin məlumatına görə, Vaşinqton və Brüssel Rusiya və Ukrayna üçün maliyyə və təhlükəsizlik sahələrində qarşılıqlı fayda təmin edəcək, həmçinin ərazi ziddiyyətlərinin nizamlanması üçün zəmin yaradacaq birgə sülh təklifi üzərində işləyirlər. ABŞ rəsmisinin bildirdiyinə görə, saziş layihəsi dörd bənddən ibarət olacaq və Rusiyaya Avropa ilə təhlükəsizlik və iqtisadiyyat sahələrində razılaşmalar əldə etmək təklifini ehtiva edəcək. Bu razılaşmalar regionda sabitliyin əsasını təşkil etməlidir.
Planın birinci bəndi Ukraynanın bərpasını nəzərdə tutur. Bu məqsədlə danışıqlar aparan tərəflər Kiyevdən bərpa xərclərinin smetasını təqdim etməyi tələb etmək istəyirlər.
İkinci bənd həm Ukrayna, həm də Rusiya üçün təhlükəsizlik zəmanətlərini əhatə edir. Bununla belə, Moskva ilə təhlükəsizlik sahəsində konkret hansı razılaşmaların əldə edilməsinin nəzərdə tutulduğu hələ açıqlanmır.
Planın üçüncü bəndi Rusiya, Ukrayna və Avropa arasında enerji sazişidir. Bu saziş çərçivəsində Avropa ölkələrinə enerji resurslarının nəqli üçün boru kəmərinin tikintisi nəzərdə tutula bilər. Belə bir layihə həm Moskva, həm də Kiyev üçün gəlir mənbəyi ola bilər. Bu bənd, həmçinin Rusiyanın Avropa enerji bazarına çıxışının təmin edilməsini və sanksiyaların ləğvi üçün müddətlərin müəyyənləşdirilməsini nəzərdə tutur.