Bakı. Trend:
PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramı istedadlı tələbələrin peşəkar və şəxsi inkişafına dəstək verməyə davam edir. 11 oktyabr 2026-cı il tarixində proqramın 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib.
Belə ki, 2022-ci ildə gənc nəslin peşəkar inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirən PAŞA Holding, öz KSM fəaliyyəti çərçivəsində “Əlaçı” təqaüd proqramını təqdim edib. “Əlaçı” proqramı 3-cü və 4-cü kurs bakalavr tələbələrini əhatə edən və tələbələrə aylıq təqaüd verilməsini nəzərdə tutan təqaüd proqramıdır. 2026-2027-ci tədris ilini əhatə edən və beləcə artıq beşinci dəfə təşkil olunan “Əlaçı” proqramı çərçivəsində tələbələr üçün onların peşəkar və fərdi inkişafına yönəlmiş tədbir və təlimlər təşkil olunur.
Qeyd edək ki, proqram yarandığı vaxtdan bəri, 5 il müddətində, proqramda iştirak edən tələbələrin ümumi sayı 500-dən çox olub, bu il proqrama müraciət edən tələbələrin ümumi sayı 3000-dən çox, proqrama seçilən tələbələrin sayı isə 100 nəfər təşkil edib.
Layihə müddətində 3 aylıq şəxsi inkişaf marafonu, onlayn təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası, şəbəkələşmə görüşləri və PAŞA Holding, eləcə də PAŞA Qrup şirkətlərinin mütəxəssisləri ilə görüşlər də təşkil ediləcək. Bu tədbirlər tələbələrin həm yumşaq bacarıqlarının inkişafı, həm də karyera inkişafını əhatə edəcək.









