Bakı.Trend:
Azərbaycan və Türkiyə təkcə ikitərəfli ticarətin inkişafını deyil, həm də digər bazarlara birgə çıxışı nəzərdə tutan iqtisadi əməkdaşlığın yeni mərhələsinə keçməlidir.
Bu barədə çərşənbə axşamı Bakıda Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə keçirilən və türk dövlətlərinin nümayəndələrinin iştirak etdiyi fintex missiyası çərçivəsində Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Gülizar Yavaş bildirib.
Onun sözlərinə görə, Azərbaycanda və digər türk dövlətlərində biznes fəaliyyəti zamanı ticarət münasibətlərinin və ikitərəfli əlaqələrin xüsusiyyətlərini nəzərə almaq lazımdır.
“Bakıya gəldiyiniz zaman, digər ölkələrdə olduğu kimi, əhalinin sayını, ümumi daxili məhsulu, xarici ticarət göstəricilərini və əmtəə dövriyyəsinin həcmini öyrənirsiniz. Bu məlumatlar əsasında burada biznesin necə aparılacağına dair müəyyən gözləntilər formalaşır. Lakin Azərbaycanda və türk respublikalarının əhəmiyyətli hissəsində fərqli iqtisadi mexanizmlər fəaliyyət göstərir. Buna görə də bu regionda biznes qurarkən bütün bu xüsusiyyətləri nəzərə almaq lazımdır.
Azərbaycana nəzər saldıqda, qarşıdakı dövrdə iqtisadi asılılığı azaltmaq məqsədilə müxtəlif sektorlara investisiyalar yatırmağı planlaşdıran bir bazar görürük. Digər tərəfdən, bu, uzun illər ərzində bir çox sahədə birgə fəaliyyət və strateji tərəfdaşlıq əsasında münasibətlər qurduğumuz bazardır”, - deyə o bildirib.
G.Yavaş qeyd edib ki, Azərbaycan bazarında biznes fəaliyyəti Dubay və ya Almaniya bazarlarında işləməkdən fərqlənir. Bunun səbəbi ikitərəfli münasibətlərin sıx əlaqələrə və qarşılıqlı etimada əsaslanmasıdır. Onun sözlərinə görə, əməkdaşlığın daha da inkişafı tərəflərin yalnız Azərbaycanda birgə biznes qurmasını deyil, həm də digər bazarlara çıxaraq birlikdə inkişaf etməsini nəzərdə tutan yeni yanaşma tələb edir.
“Biz burada həqiqətən də birlikdə fəaliyyət göstəririk, lakin gələcək addımlarımız məsələyə yeni baxış tələb edir. İndiyədək tətbiq olunan biznes metodlarının çərçivəsindən kənara çıxaraq digər istiqamətlərdə əməkdaşlığa keçməliyik”, - deyə o vurğulayıb.
Fintex sektorunun inkişafına toxunan G.Yavaş ötən ildən etibarən ödəniş sistemləri, rəqəmsallaşma, rəqəmsal xidmətlər və maliyyə sahələrində fəaliyyət göstərən çoxsaylı Türkiyə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfər etdiyini bildirib. Onun sözlərinə görə, belə səfərlərin sayı və Azərbaycana maraq tədricən artır.
“Dünyada bütün sahələrdə ciddi dəyişikliklər baş verir. Ticarət sistemləri, logistika və ödənişlərlə bağlı problemlərin qarşıdakı dövrdə, ehtimal ki, daha da artacağı gözlənilir. Buna görə də bütün ölkələrə pul vəsaitlərinin hərəkətini asanlaşdıran, eyni zamanda təhlükəsizliyi təmin edən sistemlər lazımdır”, - deyə o qeyd edib.
Qeyd edək ki, Oktyabrın 13-də Bakıda Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” keçirilir.Tədbirdə Azərbaycan, Türkiyə və Qazaxıstanın maliyyə və fintex sektorlarının nümayəndələri iştirak edirlər.
Proqram çərçivəsində türk dövlətlərində rəqəmsal ödənişlərin inkişaf perspektivləri, maliyyə texnologiyalarının tənzimlənməsinə yanaşmaların uyğunlaşdırılması və ödəniş sistemlərində yeni texnoloji tendensiyalar müzakirə olunur.