Bakı. Trend:
Milli Məclis Azərbaycan və BMT Katibliyi arasında imzalanan Anlaşma Memorandumunu ratifikasiya edib.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, Anlaşma Memorandumu 2026-cı il sentyabrın 1-də Bonn şəhərində və sentyabrın 2-də Bakı şəhərində imzalanıb.
Anlaşma Memorandumu 4-cü İqlim Həftəsi və Adaptasiya Komitəsinin 30-cu iclasının Azərbaycanda keçirilməsi ilə bağlı təşkilati, maliyyə və hüquqi məsələləri, habelə Azərbaycan Respublikası Hökumətinin və BMT Katibliyinin öhdəliklərini müəyyən edir.
İqlim Həftəsi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində iqlim sahəsində qəbul edilmiş qərarların həyata keçirilməsinin sürətləndirilməsi, təcrübə mübadiləsi və praktiki həllərin müzakirəsi məqsədilə dövlətlərin, beynəlxalq təşkilatların, özəl sektorun və digər maraqlı tərəflərin nümayəndələrini bir araya gətirən beynəlxalq tədbirdir. 4-cü İqlim Həftəsi 7-11 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində keçirilib.
Adaptasiya Komitəsi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində iqlim dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşma məsələləri üzrə fəaliyyət göstərən qurumdur. Komitə bu sahədə tərəflərə texniki dəstək və tövsiyələrin verilməsi, məlumat və qabaqcıl təcrübə mübadiləsinin təşviqi, habelə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Komitənin 30-cu iclası 14-17 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində keçirilib.
Memoranduma əsasən, Azərbaycan Respublikası Hökuməti 4-cü İqlim Həftəsinin keçirilməsi üçün məkan, logistika və texniki infrastrukturun, təhlükəsizlik və protokol tədbirlərinin, habelə digər zəruri təşkilati məsələlərin təmin edilməsini həyata keçirir və Memorandumda nəzərdə tutulmuş müvafiq xərcləri qarşılayır. Adaptasiya Komitəsinin 30-cu iclasının logistika və digər təşkilati xərcləri isə Katiblik tərəfindən qarşılanır. Anlaşma Memorandumunun əlavələrində İqlim Həftəsinin keçirilməsi üçün tələb olunan binalar, iclas yerləri və obyektlər, avadanlıq, təchizat və kommunal xidmətlər, ev sahibi ölkənin dəstək heyəti, habelə iaşə xidmətləri konkretləşdirilib.
Katiblik tədbirlərin proqramının hazırlanması və idarə olunmasına, iştirakçı və ekspertlərin dəvət edilməsinə, onların zəruri təşkilati məlumatlarla təmin olunmasına, habelə Katiblik tərəfindən maliyyələşdirilən iştirakçılara müvafiq ödənişlərin təşkilinə cavabdehdir.
Sənəddə, həmçinin tədbirlərlə əlaqədar vergi və gömrük güzəştləri, viza məsələləri, imtiyaz və immunitetlər, tədbir məkanlarının toxunulmazlığı, fərdi məlumatların qorunması və tərəflərin məsuliyyəti ilə bağlı müddəalar müəyyən edilib.
“Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.