Bakı. Trend:
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artaraq 1173 manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 776,8 min nəfər olub. Onlardan 834,2 min nəfəri dövlət, 942,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla çalışanların ən böyük hissəsi - 18,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində məşğul olub. İşçilərin 17,5 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti sahəsində çalışıb.
Bundan başqa, muzdla çalışanların 6,2 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti sahələrində işləyib.
İşçilərin 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 15 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.