Bakı.Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kiyevin Rusiyanın neft emalı zavodlarına (NEZ) hücumlarını davam etdirəcəyi təqdirdə Ukraynanın silah təchizatını dayandıracağı ilə bağlı xəbərdarlıq edib.
Bu barədə Financial Times (FT) nəşri avropalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton nümayəndələri Avropa ölkələrinin Ukrayna ordusu üçün ABŞ silahlarını satın aldığı PURL (“Ukraynanın prioritet ehtiyacları siyahısı”) mexanizminin fəaliyyətini dayandırmaqla, həmçinin kəşfiyyat məlumatlarının ötürülməsindən imtina etməklə hədələyiblər.
FT-nin mənbələrinin sözlərinə görə, bu təhdidlər ötən həftəsonu baş tutan telefon danışıqları zamanı səsləndirilib.
Nəşrin məlumatına görə, amerikalı rəsmilərin əlaqə saxladığı şəxslər arasında Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi müşaviri, əvvəllər 93-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadaya komandanlıq etmiş Pavlo Palisa da olub.
Ağ Ev isə telefon zəngləri barədə məlumatı rəsmi şəkildə təsdiqləməkdən və təhdidlərlə bağlı iddialara münasibət bildirməkdən imtina edib.