Bakı. Trend:
Finlandiya Avropa Şurasına rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif etmək niyyətindədir. Respublikanın Baş naziri Petteri Orpo Rusiya vətəndaşlarının Avropa ərazisinə turist qismində sərbəst buraxılmamalı olduğunu bildirib.
Bu barədə o, "Yle" teleradio şirkətinin efirində bəyan edib.
"Gələn həftə Avropa Şurasının iclasında təqdim edəcəyim konret tədbirlərdən biri rusiyalılara turist vizalarının verilməsinin dayandırılmasıdır", — deyə Baş nazir qeyd edib. Hökumət başçısının fikrincə, Rusiya Federasiyası vətəndaşları Avropa ərazisinə turist qismində sərbəst buraxılmamalıdır.
Qeyd edək ki , oktyabrın 9-da Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti"nin jurnalisti Pavel Zarubinə müsahibəsində Rusiya vətəndaşları üçün hazırda Avropa ölkələrinə səfər etməyin təhlükəli olduğunu bildirib. O, bu şəkildə Monteneqroda "Rybar" "Telegram" kanalının administratoru Mixail Zvinçuk və onun komandasının saxlanılması ilə bağlı rusiyalılara tövsiyələr barədə xahişə cavabında deyib.