Məişət zorakılığı kontekstində baş verən insidentlər reallıqda ayrı-ayrı insanlara, fərdlərə qarşı yönəlsə də, yekunda kütləvi hal aldığı üçün bütövlükdə cəmiyyəti əhatə edən təhlükəyə çevrilir. Bu baxımdan mövzu beynəlxalq səviyyədə diqqət çəkir və qarşısının alınması üçün tədbirlər görülür.
Məişət zorakılığının qarşısını almaq üçün tətbiq edilən ilk tədbir bu neqativ amilə qarşı mübarizə vasitələrini tənzimləyən hüquqi bazanın formalaşdırılmasıdır. O baxımdan mövzu üzrə həm beynəlxalq, həm də lokal səviyyəli qanunlar qəbul edilir.
Beynəlxalq konvensiyalar
Qeyd etmək zəruridir ki, məişət zorakılığı faktı ilkin dönəmlərdə beynəlxalq hüquqi sənədlərdə əlahiddə mövzu kimi deyil, ümumilikdə insan haqları pozuntusu kontekstində dəyərləndirilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”ndə (UDHR) məişət zorakılığı və ona qarşı mübarizə anlayışlarıına yer verilməyib. Amma bu amil birbaşa olmasa da, dolayısı ilə ifadə olunub. UDHR-in 3-cü maddəsində deyilir ki, “Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır” ( https://www.stopvaw.org/un_treaties_and_conventions). Bu maddə insanların həm də zorakılıqlardan qorunmaq hüququnu ehtiva edir.
1966-cı ildə qəbul edilmiş“Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt” (ICCPR) da mövzuya eyni prizmadan yanaşır. ICCPR-in “Yaşamaq hüququ” adlı 6-cı maddəsi, həmçinin, “Şəxsi azadlıq və toxunulmazlıq hüququ” adlı 9-cu maddəsi dolayısı ilə məişət zorakılığı amilini də əhatə edib.
“Sosial, İqtisadi və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt” (ICESCR) ənənəni davam etdirib. Orada qeyd edilən problemə dolayısı yolla yer ayrılıb. Paktın “Fiziki və psixi sağlamlığın ən yüksək standartına sahib olmaq hüququ” adlı 7-ci maddəsi məişət zorakılığına qarşı mübarizə tədbirlərini əhatə edir.
Beləliklə, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”, “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, o cümlədən, “Sosial, İqtisadi və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt” qlobal səviyyədə məişət zorakılığı amilini dolayısı ilə pisləyən, həmçinin, ona qarşı mübarizəni stimullaşdıran ilk konvensiyalar kimi tarixə düşüblər. Adı çəkilən hər 3 konvensiyanın iştirakçısı olan dövlətlər vətəndaşları məişət zorakılığı amilindən qorumaq üçün öhdəliklərə malikdirlər.
Məişət zorakılığına qarşı mübarizə qadın hüquqları kontekstində
Məişət zorakılığına qarşı mübarizəni tənzimləyən beynəlxalq sənədlərdə diqqət çəkən ikinci nüans budur ki, onlar həm də qadınların və uşaqların hüquqlarını qoruyan sənədlər fonunda ifadə olunurlar. Gender əsaslı zorakılığı, yəni insanın qadın olduğu üçün zorakılığa məruz qalması prinsipini yasaqlayan qanunlar məişət zorakılığını pisləyən sənədlərin sırasına daxildir. Burada fiziki, əqli və ya cinsi müstəvidə işgəncələrə, o cümlədən, hədələmə, məcburetmə, azadlığı məhdudlaşdırma qismində əməllərə qarşı mübarizəni ehtiva edən qanunlar yer tutur.
Məişət zorakılığına qarşı mübarizəni təşviq edən tədbirlərin gender bərabərliyini stimullaşdıran, yaxud, qadınlara qarşı ayrıseçkiliyi pisləyənbeynəlxalq sənədlər fonunda təqdim edilməsi təsadüfi hal deyil. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən aparılan tədqiqatlardan aydın olur ki, məişət zorakılığı amilindən ən çox zərər çəkən zümrə məhz qadınlar və uşaqlardır. ÜST-ün hesabatlarında qeyd olunur ki, dünya üzrə qadınların 30 faizi, yəni hər 3 qadından 1-iməişət zorakılığına məruz qalır ( https://www.who.int/news-room/fact-sheets/detail/violence-against-women ).
Beləliklə, 1981-ci ildə qüvvəyə minmiş “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya”nın (CEDAW) əsas mətnində qadınlara qarşı ayrıseçkilik termini və məişət zorakılığı ilə bağlı ifadələr müştərək şəkildə ifadə edilmişdir. Konvensiyanın iştirakçısı olan dövlətlər “qadınlara qarşı bütün formalarda ayrıseçkiliyi pisləmək”, o cümlədən, “qadınlara qarşı zorakılığı aradan qaldırmaq üçün tədbirlər görmək” öhdəliyi götürürlər. BMT-nin qadınlara qarşı zorakılıq üzrə xüsusi məruzəçisi Raşida Manjoon qeyd edir ki, “qadınlara qarşı zorakılıq faktları adətən, ayrıseçkiliyə yol verildiyi üçün ortaya çıxır”.
CEDAW çərçivəsində fəaliyyət göstərən Qadınlara Qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğv edilməsi üzrə Komitənin 19 saylı Ümumi Tövsiyəsi qəbul edilib. Bu Tövsiyə ayrıseçkiliyin bir forması olan gender əsaslı zorakılığı məişət zorakılığının təzahürü kimi ehtiva edir.
1992-ci ildən etibarən beynəlxalq müstəvidə durum dəyişməyə başlayıb. Məişət zorakılığına qarşı mübarizəni dolayısı ilə deyil, birbaşa ifadə edən sənədlər qəbul edilib. İlk növbədə qeyd edək ki, 1993-cü ildə BMT-nin insan hüquqları üzrə Vyana Konfransının keçirilməsindən sonra qadın hüquqları rəsmi olaraq insan hüquqları anlayışının ayrılmaz tərkib hissəsi kimi tanınıb. 1994-cü ildə “Qadınlara qarşı zorakılığın qarşısının alınması üzrə İnter-Amerikan Konvensiya”, 2003-cü ildə “Afrikada qadın hüquqları və məişətzorakılığına qarşı mübarizə üzrə Xartiya”, 2004-cü ildə “Cənub-Şərqi Asiya Regionunda Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Bəyannaməsi” qəbul edilməklə məişət zorakılığına qarşı mübarizənin hüquqi bazasının formalaşdırılması yönündə addımlar atılıb.
Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokolları, Avropa Sosial Xartiyası, Avropa Şurası Nazirlər Komitəsinin “Cinsi ayrıseçkiliyə qarşı hüquqi müdafiə haqqında” 1985-ci il tarixli 2 saylı Tövsiyyəsi, o cümlədən, “Ailə həyatı ilə peşə həyatının uzlaşmasi haqqında” 1996-cı il tarixli 5 saylı Tövsiyyəsi, “Gender məsələsinə kompleks yanaşma haqqında” 1998-ci il tarixli 14 saylı Tövsiyəsi, Avropa Şurası Parlament Assambleyasının “Qadın və kişilərin hüquq bərabərliyi haqqında” 1994-cü il tarixli 1229 saylı Tövsiyyəsi, “Siyasi fəaliyyət sahəsində bərabər təmsil olunma haqqında” 1996-cı il tarixli 1413 saylı Tövsiyəsi və digər sənədlər də həm qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılmasına, həm də məişət zorakılığının qarşısının alınmasına yönəlik beynəlxalq hüquqi sənədlər kimi qəbul edilirlər.
2011-ci ildə “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə üzrə Avropa Şurasının Konvensiyası”nın, həmçinin, 2019-cu ildə Beynəlxalq Əmək Təşkilatının “Zorakılıq və Təcavüzə qarşı 190 saylı Konvensiya”sının qəbul edilməsi ilə məişət zorakılığı fgaktı birbaşa öz adı ilə səsləndirilib, problemin aradan qaldırılması yönündə konkret proqramlar irəli sürülüb ( https://focus2030.org/Treaties-and-conventions-promoting-women-s-rights-an-overview ).
Azərbaycan dövləti məişət zorakılığının qarşısının alınması üçün fəaliyyətini beynəlxalq təcrübəyə uyğunlaşdırıb. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında qanun” qəbul edilib.
Analitik mərkəzlər məişət zorakılığı hallarını stimullaşdıran amillər, həmçinin, problemin qarşısını almaq üçün tətbiq edilməli olan vasitələr barədə fikirlərini də açıqlayıblar. Bu istiqamətdə mövcud olan konsepsiyalar barədə növbəti məqalələrimizdə məlumat veriləcək. Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. KİV təmsilçilərində məişət zorakılığı mövzusunda informasiya verilməsini məhdudlaşdıran şərtlər barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Məişət zorakılığının qarşısının alınmasında medianın rolunun artırılması” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 7 məqalənin dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.