Bakı. Trend:
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının VIII Məşvərət görüşü regionlararası əməkdaşlığın inkişafında mühüm hadisə oldu. Görüş Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin genişlənməsi, iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsi, eləcə də yeni regional təşəbbüslərin irəli sürülməsi baxımından əhəmiyyət daşıyır. Azərbaycanın 2027-ci ildə bu formata sədrlik edəcək olması isə qarşılıqlı əməkdaşlığın növbəti mərhələsi üçün əlavə imkanlar yaradır.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Azərbaycanın Məşvərət görüşündə tamhüquqlu iştirakçı kimi təmsil olunması 2025-ci ilin noyabrında qəbul edilmiş qərarla mümkün olub. Bu addım Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında mövcud siyasi, iqtisadi və mədəni əlaqələrin daha geniş regional çərçivədə inkişaf etdirilməsinə şərait yaradıb. Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələrin maraqları bir çox istiqamətdə üst-üstə düşür. Ticarət, enerji, nəqliyyat, investisiyalar və regional təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi bu formatın praktiki əhəmiyyətini artırır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb. Prezident İlham Əliyevin sözlərinə görə, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb:
"Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir".
Bu göstəricilər əməkdaşlığın artıq yalnız siyasi dialoq və qarşılıqlı səfərlərlə məhdudlaşmadığını nümayiş etdirir", - o bildirib.
A.Qarayev qeyd edib ki, qarşılıqlı investisiyaların artırılması, birgə müəssisələrin yaradılması və istehsal imkanlarının birləşdirilməsi ölkələr arasında daha dayanıqlı iqtisadi əlaqələrin formalaşmasına şərait yarada bilər.
"Prezident İlham Əliyevin səsləndirdiyi "Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq" fikri məhz bu yanaşmanın mahiyyətini ifadə edir. Bu yanaşma region ölkələrinin iqtisadi potensialından daha səmərəli istifadə etmək baxımından da əhəmiyyətlidir. Birgə istehsal layihələri və sənaye əməkdaşlığı ölkələrin ayrı-ayrılıqda əldə edə biləcəyi nəticələri genişləndirə, yeni bazarlara çıxışı asanlaşdıra bilər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2027-ci ildə Xivədə "Mərkəzi Asiya – Azərbaycan" biznes forumunun keçirilməsi təklifi də iqtisadi əlaqələrin konkret layihələr və ortaq istehsal zəncirləri vasitəsilə inkişaf etdirilməsinə marağı göstərir", - o bildirib.
Politoloq vurğulayıb ki, əməkdaşlığın digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsidir. Xəzər dənizi Mərkəzi Asiya ölkələrini Azərbaycan vasitəsilə beynəlxalq bazarlarla birləşdirən əsas marşrutlardan biridir.
"Limanların, dəmir yollarının, avtomobil yollarının və digər nəqliyyat infrastrukturunun inkişafı bu əlaqələrin imkanlarını genişləndirir. Orta Dəhliz isə Asiya ilə Avropa arasında yükdaşımaların şaxələndirilməsi baxımından getdikcə daha böyük əhəmiyyət qazanır. Prezident İlham Əliyevin açıqladığı məlumata görə, ötən il Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb. Bu dinamika marşrutun inkişafı üçün mövcud imkanları göstərməklə yanaşı, infrastrukturun və logistika xidmətlərinin daha da təkmilləşdirilməsinin vacibliyini ortaya qoyur. Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat şəbəkəsi və Xəzər üzərindən daşımaların təşkilindəki rolu Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışını asanlaşdıran amillərdəndir.
Energetika sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə nəql edilməsi enerji əlaqələrinin mühüm istiqamətlərindən biridir. Bununla yanaşı, Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində çalışır. Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilməsi və “Rəqəmsal İpək Yolu” layihəsi isə regional əlaqələrin yalnız fiziki infrastrukturla məhdudlaşmadığını, rəqəmsal bağlantıların da əməkdaşlığın tərkib hissəsinə çevrildiyini göstərir", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, görüşdə təhlükəsizlik və siyasi sabitlik məsələləri də diqqət mərkəzində olub.
"Prezident İlham Əliyev bildirib ki, "ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli"dir. Bu fikir region ölkələri arasında iqtisadi əməkdaşlığın davamlılığının əlverişli siyasi mühitdən asılı olduğunu vurğulayır. Dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi nəqliyyat, enerji və investisiya layihələrinin uzunmüddətli perspektivlərini də gücləndirir.
Məşvərət görüşündə mədəniyyət, turizm, elm və texnologiya sahələrində əməkdaşlıqla bağlı təkliflər də səsləndirilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev süni intellektdən məsuliyyətli istifadəyə dair bəyannamə hazırlanmasını və regional tədbirlərin vahid təqviminin yaradılmasını təklif edib. Qırğızıstan Prezidenti Sadır Japarov isə vahid elektron ticarət platformasının yaradılması və bir neçə ölkəni əhatə edən turizm marşrutlarının inkişafı ideyalarını irəli sürüb. Bu təkliflər formatın iqtisadi məsələlərlə yanaşı, humanitar və texnoloji sahələri də əhatə etdiyini göstərir", - o bildirib.
Politoloq qeyd edib ki, Azərbaycanın 2027-ci ildə Məşvərət görüşünə sədrlik etməsi bütün bu istiqamətlərin inkişafı üçün əlavə imkanlar açır.
"Bu, ölkəyə regional gündəliyin formalaşdırılmasında, ortaq layihələrin irəlilədilməsində və dövlətlər arasında dialoqun davamlılığının təmin olunmasında daha fəal rol oynamaq imkanı verəcək. Qırğızıstan və Özbəkistan prezidentlərinin Azərbaycanın sədrliyinin əməkdaşlığa yeni təkan verəcəyinə dair fikirləri də bu mərhələyə göstərilən diqqəti əks etdirir.
Beləliklə, VIII Məşvərət görüşü Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətlərində siyasi dialoqun iqtisadi və praktiki əməkdaşlıqla tamamlanmasının əhəmiyyətini bir daha ortaya qoyub. Qarşılıqlı investisiyaların artırılması, nəqliyyat marşrutlarının inkişafı, enerji bağlantılarının genişləndirilməsi və birgə istehsal layihələrinin həyata keçirilməsi bu əməkdaşlığın əsas istiqamətləri olaraq qalır. Azərbaycanın qarşıdakı il üçün sədrliyi isə mövcud təşəbbüslərin əlaqələndirilməsi və yeni layihələrin irəli aparılması baxımından mühüm mərhələ ola bilər", - A.Qarayev əlavə edib.