Bakı.Trend:
Tacikistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Tacikistan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, müzakirələr oktyabrın 6-da Düşənbədə Tacikistan xarici işlər nazirinin müavini Nigina Əlizodanın Azərbaycanın Tacikistandakı səfiri Elxan Qəhrəmanla görüşü zamanı aparılıb.
Qeyd olunub ki, görüş zamanı Tacikistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib. Bundan əlavə, daha əvvəl imzalanmış ikitərəfli sənədlərin və mövcud əməkdaşlıq proqramlarının icrası müzakirə olunub.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakıda Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan və Tacikistanın dost və qardaş ölkələr olduğunu vurğulayaraq, ikitərəfli əməkdaşlıq potensialının ardıcıl inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Prezident İlham Əliyev Tacikistana səfərlərinin və Tacikistan Prezidentinin Azərbaycana səfərlərinin, eləcə də müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərin genişləndirilməsində əhəmiyyətinə toxunub.
Tacikistanın Azərbaycanla dostluq münasibətlərini və strateji tərəfdaşlığını yüksək qiymətləndirdiyini qeyd edən K.Rasulzoda iki ölkə prezidentlərinin güclü siyasi iradəsi və etimada əsaslanan dialoq sayəsində əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Bu baxımdan Baş nazir 2024-cü ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni xatırladıb.
Azərbaycanın ASAN xidmət modelinin əhəmiyyətinə toxunan Baş nazir ölkəsinin bu modelin Tacikistanda tətbiqində maraqlı olduğunu bildirib.
Söhbət zamanı Tacikistan mallarının Azərbaycan ərazisindən tranzit yolu ilə Orta Dəhliz vasitəsilə beynəlxalq bazarlara çıxarılması, metallurgiya, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Azərbaycan və Tacikistanın böyük turizm potensialına malik olduğunu vurğulayan tərəflər Bakı ilə Düşənbə arasında birbaşa hava əlaqəsinin açılmasının vacibliyinə toxunub, turizm və sərnişindaşıma sahələrində artımı məmnunluqla qeyd ediblər.
Bundan əlavə, bu yaxınlarda Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurrəhmon Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü ilə bağlı tədbirdə çıxış edərkən bildirib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 84 faiz artıb.
Diplomatın sözlərinə görə, həmin dövrdə strateji əhəmiyyət daşıyan tranzit daşımaların həcmi də 50 faiz artıb. O qeyd edib ki, Azərbaycan iki ölkəni birləşdirən mövcud dəhlizlər üzrə tranzit yükdaşımaları sahəsində Tacikistanın mühüm tərəfdaşıdır.
Səfir həmçinin biznes əlaqələrinin, sənaye kooperasiyasının və qarşılıqlı investisiyaların daha da genişləndirilməsi, eləcə də Orta Dəhlizin imkanlarından istifadə də daxil olmaqla, nəqliyyat-logistika əməkdaşlığının inkişaf etdirilməsi üçün əhəmiyyətli potensialın olduğunu vurğulayıb.