Bakı.Trend:
İtkin düşmüş şəxslərin tapılması üçün səlahiyyətli milli qurumlar, beynəlxalq təşkilatlar, məhkəmə-tibbi ekspertləri və ən əsası itkin düşmüş şəxslərin ailələri arasında davamlı əməkdaşlıq tələb olunur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Serbiya Xarici İşlər Nazirliyinin Baş katibi, səfir Duşan Kozarev çərşənbə günü İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən IV beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu çox vacib məsələnin həlli üçün aydın siyasi iradə, xüsusən də məlumatların sistematik mübadiləsi və əməkdaşlıq ön şərtdir.
“Məlumat bazası regionumuzun müvafiq qurumlarını bir araya gətirir və ailələrin əlavə məlumatlara çıxışını və töhfə verməsini təmin etməklə yanaşı, informasiya mübadiləsi, dəqiqləşdirilməsi və yenilənməsi mexanizmini təqdim edir.
Lakin son bir neçə ildə bütün prosesin siyasiləşdirilməsi səbəbindən müvafiq qurumlarla əməkdaşlıqda durğunluq yaranıb ki, bu da itkin düşmüş şəxslərin işlərinin həllində cüzi sayda nəticəyə gətirib çıxarıb”,- deyə o əlavə edib.
Qeyd edək ki, konfrans Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutur.
Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edir.
Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.
Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Tədbir oktyabrın 10-dək davam edəcək.