Bakı. Trend:
“Aqrar sahə haqqında” qanun layihəsinin məqsədi aqrar qanunvericilikdə uzun illərdir hiss olunan boşluğu aradan qaldırmaq, dövlət dəstəyini daha ünvanlı və şəffaf etməkdir.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə günü kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, indiyədək aqrar sahə taxıl, çay, pambıq kimi ayrı-ayrı məhsullar üzrə qəbul edilmiş qanunlarla tənzimlənib. Bu qanunlar öz dövründə müəyyən rol oynasa da, sahəni bütövlükdə əhatə edən baza qanun bu günədək olmayıb.
Onun sözlərinə görə, aqrar sahənin subyektlərini, dövlətin vəzifələrini və dəstək alətlərini müəyyən edən vahid aktın olmaması praktikada bir sıra problemlərə səbəb olub.
“Fermer”, “aqrar məhsul istehsalçısı”, “ilkin emal” kimi əsas anlayışların vahid tərifinin olmaması dövlət dəstəyinin və vergi güzəştlərinin tətbiqində mübahisələr yaradıb. Subsidiya mexanizmləri əsasən müəyyən hüquqi qüvvəli aktlarla tənzimlənib və istehsalçılar arasında səmərəliliyə görə fərq qoyulmayıb.
Məcnun Məmmədov qeyd edib ki, yeni qanun layihəsi bu problemlərin sistemli həllinə yönəlib.
O bildirib ki, ilk növbədə 47 əsas anlayış qanun səviyyəsində vahid sistem şəklində təsbit olunur. İlkin emalla sənaye emalı arasındakı sərhəd konkret texnoloji əməliyyatlarla müəyyən edilir. Bununla da dövlət dəstəyinin hansı fəaliyyətə şamil olunması dəqiq müəyyənləşdirilir.
Nazirin sözlərinə görə, layihənin ikinci mühüm yeniliyi dövlət dəstəyi ilə bağlıdır. Aqrar məhsul istehsalçıları sahibkarlıq məqsədli fermerlər və ailə-kəndli təsərrüfatlarını əhatə edən digər istehsalçılar olmaqla iki kateqoriyaya ayrılır.
“Subsidiyadan güzəştli kreditə, sığortadan dövlət-özəl tərəfdaşlığına qədər on iki dəstək aləti ilk dəfə qanunda sadalanır”, – deyə nazir vurğulayıb.
Bildirilib ki, dəstək informasiya sistemindəki məlumatlar və istehsalçıların reytinqi əsasında göstəriləcək. Reytinq iqtisadi səmərəliliyi və vəsaitin təyinatı üzrə istifadəsini qiymətləndirəcək.
“Bu o deməkdir ki, dövlət vəsaiti real nəticə göstərən istehsalçıya yönələcək”, – Məcnun Məmmədov deyib.
Nazir qeyd edib ki, layihə dövlətin aqrar sahədəki vəzifələrini də 32 istiqamət üzrə dəqiqləşdirir. Bu istiqamətlər arasında vergi intizamı və maliyyə şəffaflığının təmin edilməsi, qeyri-formal məşğulluğun azaldılması, qadınların və gənclərin aqrar fəaliyyətə cəlb edilməsi də var.
Onun sözlərinə görə, dövlət nəzarəti sahibkarlıq sahəsində yoxlamalara dair qanunun tələbləri çərçivəsində aparılacaq. Bu isə istehsalçının əsassız müdaxilədən qorunmasını təmin edir.
Məcnun Məmmədov layihədə torpaq və su ehtiyatları məsələlərinə də xüsusi diqqət ayrıldığını bildirib.
“Torpaq dövlət tərəfindən qorunan əsas istehsal vasitəsi kimi tanınır”, – deyə nazir qeyd edib.
Bildirilib ki, torpaq sahələrinin xırdalanmasının vahid əkin, konsolidasiya və kooperasiya yolu ilə azaldılması nəzərdə tutulur. Yararlı torpaqların istifadəsiz saxlanılmasının və əkin yerlərinin yandırılmasının qarşısı alınacaq.
Layihədə su itkilərini azaldan suvarma sistemləri və bitki növləri üzrə suvarma normaları da qanunun predmetinə daxil edilir. Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinə adaptasiya tədbirləri ayrıca maddə ilə tənzimlənir.
Nazir bildirib ki, layihədə kənd yerlərinin inkişafına da xüsusi yer ayrılıb. Aqroparklar, aqroklasterlər, logistika infrastrukturu və aqroturizm vahid yanaşma ilə tənzimlənəcək.
Bununla yanaşı, fermer mağazasından elektron platformaya qədər satış yerlərinin növləri müəyyən olunur və kooperativlərə öz satış yerlərini təşkil etmək hüququ verilir. Bunun istehsalçının bazara birbaşa çıxışını xeyli asanlaşdıracağı qeyd olunub.
Məcnun Məmmədovun sözlərinə görə, qanun qəbul edildikdən sonra “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv olunacaq. Həmin qanunların aktual müddəaları yeni qanuna daxil ediləcək.
Digər sahəvi qanunların isə qüvvədə qalacağı və baza qanunla əlaqələndiriləcəyi bildirilib.
Nazir qeyd edib ki, qanunun icrası üçün subsidiyalaşdırma və reytinq qaydaları, aqrotexniki tələblər kimi tətbiqi aktlar hazırlanacaq.
Onun sözlərinə görə, bu model Türkiyə, Rusiya və Qazaxıstanda tətbiq olunur. Avropa İttifaqının Ümumi Kənd Təsərrüfatı Siyasəti də dəstəyin hədəflənməsi və istehsalçıların vahid qeydiyyatı prinsiplərinə əsaslanır.
Məcnun Məmmədov bildirib ki, layihənin qəbul edilməsi dövlət dəstəyini daha ünvanlı və şəffaf edəcək, resurslardan səmərəli istifadəni təmin edəcək.
“Layihənin qəbulu kənd yerlərində məşğulluq və gəlirlərin artımına xidmət edəcək, nəticədə ərzaq təhlükəsizliyimiz möhkəmlənəcək”, – deyə nazir əlavə edib.