Bakı.Trend:
Fransada 1958-ci ildə hazırlanarkən 2 milyon frank dəyərində qiymətləndirilən və dünyanın ən bahalı kitabı adlandırılan Jozef Forenin “Apokalipsis” kitabı oğurlanıb.
Bu barədə "TF1" Klermon-Ferran prokurorluğuna istinadən məlumat yayıb.
Çəkisi 210 kiloqram olan kitab oktyabrın 4-dən 5-nə keçən gecə Pu-de-Dom departamentinin İssuarda yerləşən Müasir İncəsənət Mərkəzindən oğurlanıb. Prokurorluq araşdırmaya başlayıb və işi Klermon-Ferran jandarm bölməsinə həvalə edib.
“Apokalipsis” İlahiyyatçı Yəhyanın Vəhy kitabının motivləri əsasında hazırlanıb. Əsərin üzərində XX əsrin 14 rəssamı və yazıçısı, o cümlədən sürrealizm cərəyanının görkəmli rəssamı Salvador Dali, Jan Kokto, Jan Jüno və Emil Sioran çalışıb.
Kitabın təxminən 150 kiloqram ağırlığında olan, qiymətli daşlarla bəzədilmiş bürünc üz qabığını Salvador Dali hazırlayıb. Kitab açıldıqda onun uzunluğu 150 metrə çatır və müəlliflərin əl ilə yazdığı 150 iri perqamentdən ibarətdir. Tərtibatda həmçinin kalliqrafik üsulla yazılmış təxminən 95 min hərfdən istifadə olunub.
