Bakı. Trend:
Almaniya Azərbaycanla ikitərəfli iqtisadi əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın qarşıdakı illərdə daha da inkişaf etdirilməsi üçün böyük potensial görür.
Bunu Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin (BMWE) baş direktor müavini Gerlind Hekman çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün biznes tərəfindən konkret, strukturlaşdırılmış və iqtisadi baxımdan səmərəli layihələrin hazırlanması vacibdir.
"Almaniya hökuməti olaraq, xüsusilə Azərbaycana gedən və ya Azərbaycana ixrac həyata keçirən Almaniya şirkətlərini uzunmüddətli əsasda dəstəkləməkdən, o cümlədən ixrac üçün uzunmüddətli kreditlər təqdim etməkdən məmnunuq. Biz, həmçinin konkret layihələrin maliyyələşdirilməsi və hər iki ölkənin biznesinin dəstəklənməsi üçün layihələrin və maliyyələşmə paketlərinin strukturlaşdırılması məqsədilə çoxtərəfli inkişaf bankları ilə əməkdaşlıq edirik", - deyə G.Hekman qeyd edib.
Onun sözlərinə görə, bərpa olunan enerji sahəsi Azərbaycan üçün böyük potensiala malikdir.
"Azərbaycanın bərpa olunan enerji sahəsində araşdırılması və reallaşdırılması üçün böyük potensialı var. Bu istiqamətdə konkret layihələr formalaşdıqda, Almaniya hökuməti onların həyata keçirilməsini dəstəkləməyə hazırdır", - deyə o bildirib.
G.Hekman Azərbaycanın "yaşıl enerjisi"sini Avropaya ixrac etmək planlarına da münasibət bildirib. O qeyd edib ki, bu istiqamətdə əsas məsələlərdən biri "yaşıl dəhliz"in mərhələli şəkildə formalaşdırılmasıdır.
"Əgər konkret layihələr müəyyənləşdirilərsə, biz onları konkret şəkildə dəstəkləyə bilərik və bununla da layihələrin reallaşdırılmasına töhfə verə bilərik. Hesab edirəm ki, bu, zaman tələb edən prosesdir. Çox sürətli olmayacaq və biz bir qədər səbirli olmalıyıq. "Yaşıl dəhliz"in bütün strukturunu ardıcıl şəkildə araşdırmaq və inkişaf etdirmək lazımdır", - deyə G.Hekman vurğulayıb.
Nazir müavini Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı üçün hazırkı dövrü əlverişli hesab etdiyini bildirib.
"İndi hər iki ölkənin biznesləri ilə əlaqə yaratmaq üçün yaxşı zamandır. Mən optimistəm. Hazırda ikitərəfli münasibətlərdə müsbət inkişaflar müşahidə olunur və bu il səsləndirilən siyasi bəyanatlar müsbət ab-hava yaradıb", - deyə o qeyd edib.
G.Hekman bildirib ki, siyasi münasibətlərin davamlılığı və əldə olunan nəticələrin uzunmüddətli xarakter daşıması iqtisadi məzmundan asılıdır.
"Bu münasibətlərin davamlılığı, əlbəttə ki, iqtisadi məzmundan asılıdır. Məhz buna ehtiyacımız var. Məsələn, yeni yaradılmış Alman-Azərbaycan Biznes Şurasının məqsədi iqtisadi dialoqu daha sistemli şəkildə qurmaqdır. İllərdir ikitərəfli siyasi işçi qrupumuz fəaliyyət göstərirdi, indi isə hər iki tərəfdə daha çox iqtisadi məzmuna diqqət yetirmək istəyirik", - deyə o bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq imkanları kifayət qədər genişdir.
"İnfrastruktur, nəqliyyat, enerji, kənd təsərrüfatı və digər sahələrdə geniş əməkdaşlıq imkanları var. Almaniyanın təcrübəsi bütün bu sektorlarda əhəmiyyətli ola bilər. Almaniya iqtisadiyyatı Azərbaycanda həyata keçirilən hərtərəfli və transformativ prosesdə iştirak etməyə çalışa bilər", - deyə G.Hekman əlavə edib.
O, regionda sülh prosesinin iqtisadi inkişafa müsbət təsir göstərəcəyini də vurğulayıb.
"Sülh regionda müsbət iqtisadi inkişafa töhfə verir. Onilliklər ərzində münaqişə regionun siyasi və iqtisadi reallıqlarını formalaşdırıb. İndi isə bu mənzərə dəyişməyə başlayır və bu, çox müsbət haldır", - deyə G.Hekman bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, regionda davamlı sülhün təmin olunması təkcə region ölkələrinin deyil, Avropanın və Almaniyanın da marağındadır.
"Bu, yeni nəqliyyat bağlantılarının yaradılmasına, yeni bazarların araşdırılmasına və inkişaf etdirilməsinə, eləcə də investorların uzunmüddətli planlar qurmasına imkan verəcək. Düşünürəm ki, hamımızın ehtiyac duyduğu məhz budur", - deyə G.Hekman vurğulayıb.