Laçın. Trend:
Tolerantlıq və multikulturalizm Azərbaycanın əsas dəyərlərindəndir.
Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Alban-Udi Dini İcmasının sədr müavini Rafiq Danakari deyib.
O, Laçının işğaldan azad olunmasından sonra Ağoğlan monastırına baş tutan ilk səfərlə bağlı xatirələrini bölüşüb.
Rafiq Danakari 2021-ci ilin fevralında Ağoğlan monastırına etdikləri ilk ziyarətin onlar üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını deyib.
O bildirib ki, həmin səfər zamanı monastırda dini mərasim keçirilib, şəhidlərin ruhuna dualar oxunub və onların xatirəsi yad edilib.
Rafiq Danakari həmin ziyarət zamanı əsas arzularının Azərbaycan ərazisində yeni müharibələrin yaşanmaması, ölkədə sülh və təhlükəsizliyin daim qorunması olduğunu vurğulayıb:
“Azərbaycan xalqı əsrlər boyu müxtəlif dinlərə və mədəniyyətlərə hörmətlə yanaşıb. Tolerantlıq və multikulturalizm ölkəmizin əsas dəyərlərindəndir. Biz başqa xalqların torpaqlarına iddia etmirik və istəyirik ki, Azərbaycan torpaqlarına da heç kim iddia etməsin. Bu torpaqların hər qarışı tariximizin bir parçasıdır. Burada müxtəlif dini abidələr, o cümlədən monastırlar, kilsələr və məscidlər yerləşir. Onların qorunması Azərbaycanın tarixi və mədəni irsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə o bildirib.
İcma rəsmisi bu dəfəki səfər zamanı da Ağoğlan monastırında dualar oxuduqlarını və şamlar yandırdıqlarını qeyd edib.
Onun sözlərinə görə, illər sonra yenidən bu müqəddəs məkanda dini ayin keçirmək və şəhidlərin xatirəsini yad etmək böyük qürur hissi doğurur.