Bakı.Trend:
Avqustun əvvəlindən etibarən Yəməndə davam edən döyüşlər 184 mindən çox insanın məcburi köçkün düşməsinə səbəb olub.
Bu barədə BMT-nin strukturuna daxil olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.
“Avqustun 1-dən oktyabrın 4-dək Yəməndə şiddətli döyüşlər nəticəsində 184 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Onların əksəriyyəti sentyabrın əvvəlindən etibarən məcburi köçkün düşüb”, - deyə BMqT qeyd edib.
Sentyabrın 27-dən oktyabrın 3-dək olan bir həftə ərzində təxminən 21,8 min nəfər məcburi köçkün düşüb ki, bu da əvvəlki həftənin göstəricisindən 26 faiz çoxdur. Təkcə oktyabrın 4-də təxminən 4,5 min nəfər evlərini tərk edib. Onların hamısının “ərzaq, sığınacaq və digər əsas humanitar yardıma ehtiyacı var”.
Yəməndə 2014-cü ilin avqustundan Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə husilər arasında silahlı qarşıdurma davam edir. İyul ayında üsyançılar krallığa qarşı dəniz blokadasının tətbiq edildiyini elan etdikdən sonra Səudiyyə Ərəbistanına məxsus bir neçə neft tankerinə hücum ediblər. Avqustun əvvəlində “Ənsar Allah” hərəkatı Yəmənin cənub-qərbində hücuma keçib, sentyabrın 10-11-də isə Moha liman şəhərinə və Bab əl-Məndəb boğazına çıxışı olan ərazilərə nəzarəti ələ keçirib. Oktyabrın 4-də Yəmən hökumət qüvvələri üsyançıların nəzarətində olan əraziləri geri qaytarmaq məqsədilə genişmiqyaslı hərbi əməliyyata başladıqlarını elan ediblər.