Bakı. Trend
Almaniya hakimiyyəti 2027-ci ilin iyulundan plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır.
"DPA" agentliyinin məlumatına əsasən, bu barədə ölkənin Ətraf Mühit və Maliyyə nazirlikləri tərəfindən hazırlanmış qanun layihəsində qeyd olunub. Sənədə əsasən, plastik qablaşdırmanın hər tonuna görə 550 avro rüsum tutulacaq.
Vergi plastik qablaşdırma və plyonkalara, həmçinin tərkibində plastik payı 5 faizdən çox olan qarışıq qablaşdırma materiallarına şamil ediləcək. Yeni qaydalar qablaşdırma və daşınma qablarını, qapaqları, bağlayıcıları və plastik kapsulaları da əhatə edəcək.
İstehsalçılar qablaşdırma 100 faiz təkrar emal olunmuş plastikdən hazırlandıqda vergi güzəşti üçün müraciət edə biləcəklər. Layihənin 2027-ci ildə federal büdcəyə 805 milyon avro, 2028-ci ildən isə ildə təxminən 1,5 milyard avro gəlir gətirəcəyi gözlənilir.