Bakı. Trend:
Azərbaycan qazı Slovakiyanın “Slovensky plynarensky priemysel" (SPP) şirkətinin gələcək şaxələndirilmiş təbii qaz təchizatı portfelinin mənbələrindən birinə çevrilə bilər.
Bu barədə Trend-in sorğusuna cavab olaraq SPP şirkətindən bildirilib.
Şirkətdən qeyd edilib ki, SPP və SOCAR Azərbaycan qazının Slovakiyaya potensial tədarükü ilə bağlı müntəzəm əlaqə saxlayır və müzakirələr davam edir.
“Danışıqlar daha konkret mərhələyə keçib, lakin hazırda onların nəticəsi barədə danışmaq və ya uzunmüddətli sazişin bağlanacağını təsdiqləmək hələ tezdir. Biz potensial gələcək müqaviləni bir sıra əsas meyarlar, o cümlədən rəqabətqabiliyyətli qiymət, qaz həcmlərinin kifayət qədər və dayanıqlı olması, nəql imkanları və ən əsası, Slovakiyanın qaz təchizatının təhlükəsizliyi əsasında qiymətləndiririk. Azərbaycan qazı SPP-nin gələcək şaxələndirilmiş təchizat portfelinin mənbələrindən birinə çevrilə bilər”, - deyə SPP-dən bildirilib.
Şirkət hazırda Azərbaycandan konkret qaz tədarükü həcmlərini təsdiqləməyib. SPP-nin məlumatına görə, potensial tədarükün həcmləri, müddəti və kommersiya şərtləri hələ də danışıqların predmetidir.
“Prioritetimiz 2027-ci ilin dördüncü rübündə "REPowerEU" qaydalarının tətbiqinə qədər yeni və şaxələndirilmiş təchizat portfelinin formalaşdırılmasını təmin etməkdir. Azərbaycan qazının bu portfeldə faktiki rolu və həcmi kifayət qədər və dayanıqlı hasilat həcmlərinin mövcudluğundan, nəql gücündən və rəqabətqabiliyyətli kommersiya şərtlərindən asılı olacaq”, - SPP qeyd edib.
Şirkətdən bildirilib ki, hazırda bir sıra iri qaz hasilatçıları və treyderlərlə danışıqlar aparılır. Bir neçə mərhələdə kommersiya və qiymət təklifləri alınıb, hazırda isə potensial tərəfdaşların daha məhdud qrupu ilə konkret şərtlər müzakirə olunur.
“Məqsədimiz bir təchizatçıdan asılılığı digər təchizatçıdan asılılıqla əvəz etmək deyil. Gələcək portfelimizi müxtəlif təchizatçılar, mənbələr və nəql marşrutlarının, o cümlədən alternativ boru kəməri qazının, LNG-nin və Avropa qaz bazarlarından alışların kombinasiyası əsasında formalaşdırmaq niyyətindəyik.
Bu kontekstdə Azərbaycan qazı kommersiya şərtləri, kifayət qədər həcmə çıxış və Slovakiyaya təhlükəsiz tranzit bizim tələblərimizə cavab verdiyi təqdirdə, SPP-nin şaxələndirilmiş portfelinin tərkib hissələrindən birinə çevrilə bilər. Təchizat portfelimizin yekun strukturu davam edən danışıqların nəticələrindən asılı olacaq”, - deyə şirkətdən vurğulanıb.
Şirkət SOCAR ilə 2024-cü ilin dekabrında həyata keçirilmiş qısamüddətli pilot qaz tədarükü əməkdaşlığını da müsbət qiymətləndirib. SPP-dən verilən məlumata görə, həmin müqavilə Azərbaycan təbii qazının Slovakiyaya tədarükünün kommersiya baxımından mümkün olduğunu və tərəflərin əməkdaşlığa hazır olduğunu təsdiqləyib.
“Buna görə də pilot layihə sonrakı müzakirələr üçün faydalı əsas yaratdı. Bununla belə, potensial uzunmüddətli müqavilənin bağlanması təbii olaraq daha geniş kommersiya, logistika və təchizat təhlükəsizliyi şərtləri üzrə razılığın əldə olunmasını tələb edir”, - SPP-dən bildirilib.
Şirkət əlavə edib ki, potensial uzunmüddətli saziş üzrə hələ bir sıra mühüm parametrlər, o cümlədən rəqabətqabiliyyətli qiymət, qaz həcmlərinin kifayət qədər və dayanıqlı olması, nəql gücü, tədarük şərtləri, həmçinin Slovakiyaya qaz təchizatının təhlükəsizliyi və etibarlılığı razılaşdırılmalıdır.
“Prioritetimiz aydındır: bütün SPP müştəriləri üçün etibarlı və rəqabətqabiliyyətli qiymətlərlə təbii qaz təchizatını təmin etmək. Bu prinsip SOCAR və ya gələcəkdə digər təchizatçılarla bağlana biləcək istənilən uzunmüddətli saziş üzrə yanaşmamızı müəyyən edəcək”, - deyə şirkətdən qeyd edilib.