Bakı. Trend:
9 oktyabr 2026-cı il tarixində Bakıda aqrar sektorun nümayəndələrini, biznes dairələrini və beynəlxalq tərəfdaşları bir araya gətirəcək III Beynəlxalq Aqro Biznes Forumu keçiriləcək.
Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB), Biznes TV və “Agriconnect Türkiye”nin təşkilatçılığı ilə keçirilən forumun əsas məqsədi aqrar sektorda fəaliyyət göstərən şirkətlər arasında dayanıqlı B2B tərəfdaşlıqların qurulması, yeni biznes əlaqələrinin yaradılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Forum çərçivəsində beynəlxalq əməkdaşlıq, innovativ texnologiyalar, investisiya imkanları, yeni biznes modelləri, yerli və xarici bazarlara çıxış və aqrar sektorun inkişaf perspektivləri müzakirə olunacaq.
III Beynəlxalq Aqro Biznes Forumunda ümumilikdə 250 iştirakçı və şirkətin iştirakı nəzərdə tutulur. Forumda kənd təsərrüfatında innovasiyaların və qabaqcıl texnologiyaların tətbiqi, şirkətlərin qlobal rəqabətqabiliyyətliliyinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və beynəlxalq bazarlara çıxış məsələləri diqqət mərkəzində olacaq.
Tədbir çərçivəsində aqrar sahənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən biznes nümayəndələri arasında B2B görüşlər təşkil olunacaq. İştirakçılar öz məhsul və xidmətlərini təqdim etmək, potensial tərəfdaşlarla birbaşa əlaqələr qurmaq, yeni əməkdaşlıq imkanlarını müzakirə etmək və biznes əlaqələrini genişləndirmək imkanı əldə edəcəklər. Forum proqramında, həmçinin müvafiq dövlət və özəl qurumlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.
III Beynəlxalq Aqro Biznes Forumu artıq ənənə halını alan beynəlxalq biznes platformasının davamıdır. Layihə rəhbəri Nigar Ələsgərovanın sözlərinə görə, forumun 2023-cü ildə keçirilən ilk buraxılışında 10 ölkədən 55 şirkət və 900 iştirakçı, 2024-cü ildə təşkil olunan ikinci forumda isə 10 ölkədən 30 şirkət və 2000 iştirakçı iştirak edib. Forumun 4-cü dəfə 2027-ci ilin may ayında keçirilməsi planlaşdırılır.
III Beynəlxalq Aqro Biznes Forumunun Baş Sponsoru — Ziraat Bank Azərbaycandır. Forumun sponsorları sırasında “Agro Union” MMC, “ELBA CHEM” QSC və “Aqromarket Servis” MMC yer alır. Aqrar İnnovasiya Mərkəzi forumun rəsmi tərəfdaşıdır. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) və Türk Dünyası Tarım Birliyi isə forumun tərəfdaşları sırasındadır.
Qeyd edək ki, forumda iştirak və qeydiyyatla bağlı ətraflı məlumatı agrobusiness.az internet səhifəsindən əldə etmək mümkündür.