Bakı. Trend:
Türkiyə və İraq enerji sektorunda, o cümlədən Kərkük-Ceyhan neft kəmərinin Bəsrəyə qədər uzadılması ilə bağlı layihələri inkişaf etdirmək məqsədilə birgə işçi qrupların fəaliyyətini aktivləşdirməyi planlaşdırır.
Bunu İraqın neft naziri Basim Məhəmməd Xudeyrlə Ankarada görüşündən sonra Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkəsində bildirib.
Trəflər Kərkük-Ceyhan kəmərinin İraqın cənubundakı Bəsrə vilayətinə qədər uzadılması və onun ötürücülük qabiliyyətinin artırılması məsələlərini müzakirə ediblər. O, bu planları Körfəz regionu və Hörmüz boğazına güclü alternativin yaradılması baxımından mühüm adlandırıb.
Türkiyənin dövlətə məxsus "Türkiye Petrolleri Anonim Ortaklığı"nın (TPAO) fəaliyyət dairəsinin Kərkük neft yataqlarından kənara çıxarılaraq İraqın digər yataqlarını da əhatə etməsi planlaşdırılır, deyə Türkiyənin naziri əlavə edib.
İraq və Türkiyə avqustun 1-də Kərkük-Ceyhan kəməri ilə xam neft ixracını artırmaq məqsədilə birillik saziş imzalayıb. Saziş çərçivəsində sutkada 750 min barel neft nəql edilməsi hədəflənir.