Bakı.Trend:
Azərbaycan istehsalı olan “QIRAT” adlı taktiki PUA-lar ADEX-2026 sərgisində nümayiş etdirilib.
Trend-in sərgidəki müxbiri xəbər verir ki, “QIRAT-H10”, “QIRAT-H20”, “QIRAT-H30” dronları müxtəlif xüsusiyyətləri ilə seçilir.
Seriyanın kəşfiyyat yönümlü modeli olan “QIRAT-H10” süni intellekt (AI) texnologiyası və müasir termal kameralarla təchiz edilib. 100 kilometrə qədər fəaliyyət radiusuna malik olan dron, 5 km hündürlükdə sərbəst manevr edə bilir. 10 kq maksimal qalxış çəkisinə malik PUA, 120–150 knot (təxminən 220–275 km/s) sürətlə 1-2 saat ərzində havada qala bilir.
QIRAT-H20 və QIRAT-H30 modelləri kamikadze missiyaları üçün özəl layihələndirilib və pik vurma (dive capability) imkanlarına malikdir.
Sərgi zamanı həmçinin ARROW-2 və ARROW-3 pilotsuz uçuş aparatı (PUA) sistemləri ictimaiyyətə təqdim edilib.
ARROW-2, operativ manevr qabiliyyəti və cəld intikal tələb edən tapşırıqlar üçün ön plana çıxır. Saatda 180 km/saat hədəfə çatmaq gücünə malikdir. 5 km maksimal hündürlüyə qalxa bilən PUA, 10 km əməliyyat radiusunda fəaliyyət göstərir.
Daha ağır faydalı yük və strateji əməliyyatlar üçün layihələndirilən ARROW-3, dözümlü quruluşu ilə seçilir. Saatda 130 km/saat sürət yığa bilir. 5 km maksimal hündürlükdə fəaliyyət göstərən sistem, 45-68 dəqiqə ərzində kəsintisiz tapşırıq icra edə bilir.
Xatırladaq ki, “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.
Ümumilikdə, “ADEX” və “Securex Caspian” sərgilərində 29 ölkədən 270-dən çox şirkət iştirakını təsdiqləyib. Sərgidə iştirak üçün indiyədək 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.
Nümayəndə heyətlərinin təmsil etdiyi ölkələr arasında ABŞ, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Əfqanıstan, Gürcüstan, İordaniya, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Malayziya, Mərakeş, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Sudan, Şimali Kipr, Türkiyə, Türkmənistan, Ukrayna, Uqanda və Vyetnam yer alır.
Bundan başqa, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil edilir.
"ADEX" 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.




