Bakı.Trend:
bp şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının "Mərkəzi Azəri" platformasında həyata keçirdiyi Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsini uğurla tamamlayıb. Layihə nəticəsində platformada qazın yenidən laylara vurulma gücü 20% artırılıb.
bp-nin məlumatında qeyd olunub ki, bu, mövcud quyulardan hasilatın səmərəliliyinin artırılmasına imkan verəcək.
Bildirilib ki, dənizdə layihə üzrə işlər 2026-cı ilin yanvarında başlayıb və qrafikdən əvvəl, sentyabr ayında təhlükəsiz şəkildə başa çatdırılıb.
"Layihə çərçivəsində platformadakı mövcud dörd qazvurma kompressorunun daxili rotasiya blokları və köməkçi hissələri dəyişdirilərək əsaslı şəkildə modernləşdirilmişdir. Bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan, yerinə yetirilib", - deyə məlumatda bildirilib.
Şirkətdən bildirilib ki, layihə çərçivəsində həmçinin qazın yenidən laylara vurulması gücünün artırılması və əməliyyat çevikliyinin gücləndirilməsini dəstəkləmək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar həyata keçirilib. Bu modifikasiyalar avqust ayında Mərkəzi Azəri platformasında aparılmış profilaktik işlər proqramı zamanı yerinə yetirilmiş və bunun ardınca layihə üzrə bütün qalan yekun işlər tamamlanıb.
CAGE layihəsi layların idarə olunmasının gücləndirilməsini dəstəkləməklə Azəri-Çıraq-Günəşli yatağından neftvermənin maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi səylərinə töhfə verir.
Mərkəzi Azəri Bakıdan 100 kilometr şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 128 metr olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. 2005-ci ilin fevralindan istismarda olan platforma Azəri yatağiniln mərkəzi hissəsindən neft hasil etmək üçün tikilib.
HQY platformasından əlavə, yaşayış, qazma, hasilat, texnoloji emal, kompressiya və laya qaz, su, şlam vurulması obyektlərini əhatə edən iri bir dəniz kompleksi yaratmaq məqsədilə MA-də bir kompressor və suvurma platforması (KvəSP) quraşdırılmışdır və körpü ilə HQYplatformasına birləşdirilib.
Mərkəzi Azəri obyektlərinə daxildir:
48 quyu gövdəsinə malik HQY platforması MA platformasından Səngəçal terminalına qədər 30 düymlük sualtı neft boru kəməri MA platformasından Səngəçal terminalına qədər 28 düymlük qaz boru kəməri Qurudakı mövcud Səngəçal terminalının genişləndirilməsi
Mərkəzi Azəri platformasından 2026-cı ilin birinci yarısında ümumi hasilat gündə orta hesabla 88 000 barel təşkil edib.