Bakı.Trend:
Azərbaycanlı mühəndislər tərəfindən alqoritmindən elektronikasına qədər tamamilə yerli imkanlarla hazırlanan yeni multirotor tipli pilotsuz uçuş aparatı (PUA) — "BORAN" ADEX-2026 sərgisində təqdim edilib.
Trend-in sərgidəki müxbiri xəbər verir ki, təqdim olunan "BORAN" PUA-sının maksimal qalxış çəkisi 90 kq, faydalı yük daşıma qabiliyyəti isə 30 kq təşkil edir.
Cihaz 20 kq yüklə 40 dəqiqə ərzində fasiləsiz uçuş həyata keçirə bilir. PUA-nın idarəetmə məsafəsi 30 km-ə çatır, uçuş sürəti isə saniyədə 5–15 metr arasında dəyişir.
Cihazın əsas üstünlüklərindən biri yerli mühəndislər tərəfindən hazırlanmış 3 oxlu (pitch, roll, yaw) stabilləşdirmə sistemi və xüsusi ballistik hesablama alqoritmidir. Bu sistem küləyin istiqamətini və sürətini təyin edərək, döyüş tapşırığı zamanı bombanın hansı məsafədən və hansı nöqtədən buraxılacağını dəqiqliklə hesablayır. PUA həm tam avtonom (verilmiş A nöqtəsinə gedib tapşırığı icra edərək geri qayıtma), həm də manual (əl ilə) idarəetmə rejimində fəaliyyət göstərə bilir.
Xatırladaq ki, “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.
Ümumilikdə, “ADEX” və “Securex Caspian” sərgilərində 29 ölkədən 270-dən çox şirkət iştirakını təsdiqləyib. Sərgidə iştirak üçün indiyədək 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.
Nümayəndə heyətlərinin təmsil etdiyi ölkələr arasında ABŞ, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Əfqanıstan, Gürcüstan, İordaniya, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Malayziya, Mərakeş, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Sudan, Şimali Kipr, Türkiyə, Türkmənistan, Ukrayna, Uqanda və Vyetnam yer alır.
Bundan başqa, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil edilir.
"ADEX" 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.




