Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen Inın nüfuzlu bacısı Kim Yo Çjon Şimali Koreyanın ötən həftə iki Koreyanı ayıran demilitarizasiya olunmuş zonada üç əsgərin yaralanmasına səbəb olan mina partlayışlarına görə məsuliyyət daşıması barədə Cənubi Koreyanın ittihamlarını rədd edib. Bu barədə çərşənbə günü dövlət mediası məlumat yayıb.
Kim Yo Çjon çərşənbə axşamı yaydığı bəyanatda Seulun ittihamının “alçaq və çirkin” olduğunu bildirib. Bu barədə KCNA xəbər agentliyi məlumat yayıb.
Sentyabrın 21-də iki ölkəni ayıran demilitarizasiya olunmuş zonada (DMZ) mina partlayışı nəticəsində üç Cənubi Koreya hərbçisi yaralanıb. Onlardan biri ayağını itirib.
DMZ rəsmi olaraq demilitarizasiya olunmuş ərazi hesab edilsə də, onun şimal və cənub hissələri dünyada ən çox minalanmış ərazilər sırasındadır və mina partlayışları daha əvvəl də iki Koreya arasında gərginliyə səbəb olub.
Hesablamalara görə, 1953-cü ildən Koreya yarımadasını təxminən 250 kilometr məsafədə ayıran və eni 4 kilometr olan bu bufer zonada 800 mindən çox mina yerləşdirilib. Sülh müqaviləsi olmadığı üçün Seul və Pxenyan texniki baxımdan hələ də müharibə vəziyyətindədirlər.
Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, aparılan araşdırmadan sonra sentyabrın 21-də baş verən partlayışlara Şimali Koreyanın yerləşdirdiyi minaların səbəb olduğu “böyük ehtimalla” müəyyən edilib.
“Bu, atəşkəs sazişinin açıq şəkildə pozulmasıdır və Şimali Koreya buna görə məsuliyyət daşıdığı üçün biz müvafiq tədbirlər görəcəyik”, – deyə Cənubi Koreyanın müdafiə naziri Kan Şin Çul çərşənbə axşamı parlament dinləmələri zamanı bildirib.
Lakin Kim Yo Çjon Cənubi Koreyanın Şimali Koreyaya qarşı siyasi və hərbi təxribata bəhanə yaratmaq məqsədilə saxta ittihamlar “uydurduğunu” bildirib. Bu barədə KCNA məlumat yayıb.