Bakı. Trend:
“Heyvan tərəfindən zədələnməyə məruz qalmış şəxs dərhal yaxınlıqda olan tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə antirabik vaksini vurdurmalıdır”.
Bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam həyat” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova açıqlayıb.
Onun sözlərinə görə, quduzluq xəstəliyinə qarşı həm uşaqlara, həm də böyüklərə eyni dozada antirabik vaksin vurulur:
“Tibb müəssisəsində həkim tərəfindən vaksinin istehsalçısı ilə müəyyən edilmiş kursa uyğun müalicə təyin edilir. Belə ki, əgər dişləyən heyvan məlumdursa və 10 gün müddətində sağ qalmışsa, o zaman şərti müalicə kursu təyin edilir. Hazırda Respublikada istifadə olunan vaksinə uyğun olaraq şərti müalicə zamanı zərərçəkənə müraciət etdiyi, yəni 0-cı, 3-cü və 7-ci günlərdə antirabik vaksin vurulur. Dişləyən heyvanın naməlum olduğu və ya məlum olsa belə, lakin 10 gün müddətində ölmüşdürsə, o zaman qeyri-şərti müalicə kursu təyin olunur. Qeyri-şərti kurs zamanı müraciət edilən, yəni 0-cı gün, həmçinin 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur. Bu peyvəndlərin hər biri əzələdaxilinə yeridilir”.
A.Qurbanova qeyd edib ki, lokalizasiyasından asılı olaraq pasientə antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur: “Belə ki, yuxarı lokalizasiyalı zədələnmələrdə və quduzluq diaqnozu təsdiqlənmiş heyvan dişləmələri hallarında antirabik immunoqlobulindən istifadə edilir. Bundan başqa tetanus xəstəliyindən qorunmaq üçün xəsarət alana tetanus əleyhinə anatoksin vurulur. Vaksinasiyadan sonra aktiv immunitet 10–14 gün ərzində formalaşır və tam kurs peyvənd aldıqdan sonra insanı 1 il müddətinə qoruyur”.
Qeyd edək ki, Respublika üzrə 2026-cı ilin ilk 8 ayı ərzində 35 105 heyvan dişləməsi hadisəsi qeydə alınıb. Onlardan 17 492-si məlum heyvanlar (it və pişik), 16 799-u isə naməlum heyvanlar (it, pişik və siçovul) tərəfindən törədilib. Cari ilin ötən dövrü ərzində insanlar arasında 1 quduzluq hadisəsi qeydə alınıb.