Bakı. Trend:
Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, prezidentliyə namizədlər Marin Le Pen və Jan-Lük Melanşon "öz tərəflərini seçiblər" və bu tərəf "Ukraynanın tərəfi deyil". O, bu fikri hər iki namizədin Rusiya ilə münaqişə ilə bağlı son açıqlamalarından sonra səsləndirib.
"Boyun Əyməyən Fransa" (La France Insoumise) partiyasının lideri Jan-Lük Melanşon sentyabrın 23-də bildirib ki, Rusiyanın Avropada təhdidinin güclənməsinin Ukraynanın Rusiya ərazisinə həyata keçirdiyi "uzaqmənzilli zərbələrlə" əlaqəli olub-olmadığını "bəlkə də düşünmək" lazımdır. Bununla yanaşı, o, "Rusiyanın Ukraynaya hücum edən tərəf olduğunu" vurğulayıb.
Ertəsi gün seçkilərin birinci turu üzrə sorğularda lider göstərilən "Milli Birlik" (Rassemblement national) partiyasının lideri Marin Le Pen isə 2022-ci ilin fevralında münaqişənin başlanmasından bəri Fransanın Kiyevə göstərdiyi maliyyə dəstəyini şübhə altına alıb.
"Biz onların əsgərlərini təlimləndirməyə davam edə bilərik, onların hərbi rəhbərliyinə təlim keçə bilərik, onlara, xüsusilə hərbi texnika baxımından, maddi yardım göstərə bilərik... Lakin artıq Ukraynaya maliyyə yardımı göstərə bilmərik", — deyə o, Politico saytı tərəfindən təşkil olunan debat zamanı bildirib.
"Mən təəccüblənmirəm, çünki Jan-Lük Melanşon və Marin Le Pen çoxdan öz tərəflərini seçiblər. Onların tərəfi isə Ukraynanın tərəfi deyil", — Jan-Noel Barro France 2 telekanalına bildirib.
"Melanşon deyir: “Mən Ukraynanı dəstəkləyirəm, amma bütün bunlar Ukraynanın günahıdır. Bunu Ukrayna başlayıb və hətta bunu NATO başlayıb”. Jan-Lük Melanşonun yol verdiyi bu təhrifin, tarixin yenidən yazılmasının, hətta tarixi revizionizmin fərqindəsinizmi?» — deyə o bildirib.
«Ukrayna müqaviməti müstəqillik və azadlıq uğrunda mübarizədir», — deyə o əlavə edib və daha sonra Almaniyanın işğalı dövründə Fransadakı müqavimət hərəkatını misal çəkib:
«Biz zərbələrimizi məhdudlaşdırmalı idik? Azad Fransa Qüvvələri və daxili müqavimət ölkəmizin (...) ərazi bütövlüyünü müdafiə etmək üçün təmkin nümayiş etdirməli idilər?»
«Jan-Lük Melanşon ukraynalıların üzünə vurmaq üçün əlcəklərini çıxarıb. Marin Le Pen isə əlcəklərini saxlayıb, amma mahiyyət etibarilə onların mesajı eynidir. Bu, Avropa İttifaqına, siyasi təşkilatlanmamıza qarşı etimadsızlıq və Vladimir Putinə qarşı mülayim münasibətdir».
«Onlar sistematik şəkildə Vladimir Putinin mövqeyini dəstəkləməyi və onun ritorikasını təkrarlamağı seçirlər», — deyə o bildirib.
Jan-Lük Melanşon və Marin Le Pen Ukraynadakı müharibə ilə bağlı mövqelərinə görə siyasi rəqiblərinin kəskin tənqidlərinə mütəmadi olaraq məruz qalırlar.