Bakı. Trend:
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb.
Trend-in yarış ərazisinə ezam olunan müxbiri xəbər verir ki, fəxri kürsünün ilk pilləsində “Mercedes”in britaniyalı pilotu Corc Rassell yer alıb. “Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü sıraya qalxıb.
Onlara mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland), Oskar Piastri (Avstraliya), M.Ferstappen bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.
Builki yubiley (10-cu) turnirdə 10 komandadan 20 pilot birincilik uğrunda mübarizə aparıb. Yarış trekinin uzunluğu 6 kilometrdir. Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.








