Bakı.Trend:
Gələcəkdə Türk Dövlətləri İnkişaf Bankı qurula bilər. Hazırkı mərhələdə, Türk İnvestisiya Fondunun imkan və potensialından maksimum istifadə etməliyik.
Bu barədə Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.
"Türk İnvestisiya Fondunu Türk dünyasının uğurlu maliyyə institutuna çevirməliyik. Müstəqilliklərinin ilk günlərindən bəri Türk dövlətləri Mərkəzi Asiyadakı türkdilli dövlətlər, Azərbaycan və Türkiyə daxil olmaqla, inteqrasiya proseslərinə başladılar. Bu inteqrasiya siyasi, mədəni, təhsil və digər bütün sahələri əhatə edirdi.
Lakin bir çox vacib məqam çatmırdı. Türk əməkdaşlığı prosesinin maliyyə institutunun yoxluğu. Biz bu boşluğu doldurmaq üçün 2023-cü ildə Türk İnvestisiya Fondunu təsis etdik və o, fəaliyyətinə başladı. Beləliklə, bu gün artıq Türk dünyasının öz maliyyə institutu var. Biz Türk dünyasında inteqrasiya prosesinə xidmət edən birgə layihələrimizin maliyyələşdirilməsi üzərində işləyirik”,- deyə B.Amreyev əlavə edib.
Qeyd edək ki, Türk İnvestisiya Fondu iqtisadi əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı ticarətin genişləndirilməsi və bütövlükdə türk dünyasının dayanıqlı inkişafına dəstək məqsədilə türkdilli dövlətlər tərəfindən yaradılmış ilk ixtisaslaşmış beynəlxalq maliyyə institutudur.
2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə görüşündə dövlət başçıları Türk İnvestisiya Fondunun yaradılması və onun prezidentinin təyin edilməsi barədə qərar qəbul ediblər. Fondun yaradılması haqqında Saziş 2023-cü il martın 16-da Ankarada keçirilən TDT-nin növbədənkənar Zirvə görüşündə imzalanıb və 2024-cü il fevralın 24-də qüvvəyə minib. Fondun nizamnamə kapitalı 600 milyon ABŞ dollarıdır.