Bakı. Trend: Azərbaycanda son 10 il ərzində kənd təsərrüfatı məhsullarının istehsalı real ifadədə 37,8 faiz artıb.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Nazir bildirib ki, eyni dövrdə balıqçılıq məhsullarının istehsalı 2,7 dəfə artıb.
“Azərbaycan bir sıra yüksək dəyərli məhsullar üzrə özünü təminetmə səviyyəsinə çatıb, eyni zamanda beynəlxalq bazarlardakı mövqeyini möhkəmləndirib. Bu gün ölkəmiz fındıq, xurma, şaftalı və nektarin, eləcə də çiyələk, albalı, pomidor və pambıq mahlıcı kimi məhsulların aparıcı qlobal istehsalçıları və ixracatçıları sırasındadır”, - deyə Məcnun Məmmədov qeyd edib.
Onun sözlərinə görə, kənd təsərrüfatının inkişafının növbəti mərhələsində əsas məqsəd yalnız istehsal həcmini artırmaq deyil, mövcud resurslardan daha səmərəli istifadə etməklə məhsuldarlığı, davamlılığı və əlavə dəyər yüksəltməkdir.
“Bu gün kənd təsərrüfatı artıq yalnız torpaq, su və ənənəvi istehsal amilləri ilə məhdudlaşan sahə deyil. Müasir kənd təsərrüfatı texnologiyanın, elmin, məlumatların, maliyyənin və səmərəli idarəetmənin qovuşduğu iqtisadi fəaliyyət sahəsinə çevrilib”, - deyə nazir bildirib.
Məcnun Məmmədov qeyd edib ki, bu istiqamətdə əsas prioritetlərdən biri məhsuldarlığın və resurs səmərəliliyinin artırılmasıdır.
“Dəqiq kənd təsərrüfatı, peyk məlumatları, məsafədən zondlama, sensorlar, dronlar, ağıllı suvarma və süni intellekt fermerlərin torpaq, su və bitkiləri idarəetmə üsulunu köklü şəkildə dəyişə bilər”, - deyə o vurğulayıb.
Nazir su ehtiyatlarından səmərəli istifadənin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Hazırda təxminən 130 min hektar sahədə müasir suvarma sistemləri tətbiq olunur və hədəfimiz 2030-cu ilədək bu göstəricini 300 min hektara çatdırmaqdır. Bu, həm məhsuldarlığı, həm də iqlimə davamlılığı dəstəkləyəcək”, - deyə Məcnun Məmmədov qeyd edib.
O bildirib ki, kənd təsərrüfatında rəqəmsal və innovasiya ekosisteminin formalaşdırılması istiqamətində də işlər aparılır.
“Peyk məlumatlarını, hava və iqlim göstəricilərini, təsərrüfat məlumatlarını, sensorları və digər rəqəmsal texnologiyaları bir araya gətirmək və onları fermerlər üçün praktiki həllərə çevirmək istiqamətində işlər aparılır”, - deyə nazir bildirib.
Məcnun Məmmədov əlavə edib ki, kənd təsərrüfatında daha yüksək əlavə dəyərin yaradılması üçün müasir emal, saxlanma, soyuq zəncir, logistika, çeşidləmə və qablaşdırma imkanlarının genişləndirilməsi vacibdir.
“Bizim məqsədimiz istehsaldan emala, emaldan logistikaya və logistikadan daxili və beynəlxalq bazarlara qədər rəqabətqabiliyyətli dəyər zəncirlərini inkişaf etdirməkdir”, - deyə o vurğulayıb.
Nazir bildirib ki, Azərbaycan kənd təsərrüfatında investisiya cəlb edərkən yalnız maliyyə resurslarına deyil, həm də texnologiya, bilik, idarəetmə təcrübəsi və beynəlxalq bazarlara çıxış imkanları yaradan uzunmüddətli tərəfdaşlıqlara üstünlük verir.