Bakı. Trend:
Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın qlobal investorlarla dialoqunu genişləndirən növbəti mühüm platformaya çevrilib. İki gün davam edəcək tədbirdə hökumət nümayəndələri, beynəlxalq maliyyə institutları, aparıcı şirkətlər və investorlar bir araya gəlir. Forumun gündəliyinə daxil edilən mövzular isə Azərbaycanın iqtisadiyyatında yeni investisiya mərhələsinin hansı istiqamətlər üzrə formalaşdığını göstərir.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusu təsadüfi seçilməyib. Qlobal iqtisadiyyatda təchizat zəncirlərinin dəyişməsi, yeni nəqliyyat və enerji marşrutlarının yaranması və texnologiyanın iqtisadiyyatda rolunun artması investorların diqqətini daha etibarlı və çoxşaxəli bağlantılara yönəldir. Azərbaycan bu prosesdə coğrafi mövqeyini real iqtisadi layihələrlə tamamlayan ölkələrdən biri kimi çıxış edir.
"Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində Azərbaycanın iqtisadiyyatında baş verən dəyişiklikləri konkret rəqəmlərlə göstərib. Prezident İlham Əliyevin sözlərinə görə, 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil etmiş, qeyri-neft sənayesi 1,5 dəfə artmış, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlmişdir. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatmışdır.
Bu göstəricilər Azərbaycanın investisiya gündəliyində neft və qazdan kənar sahələrin çəkisinin artdığını göstərir. Başqa sözlə, investor üçün təklif olunan imkanların coğrafiyası genişlənir. Emal sənayesi, logistika, kənd təsərrüfatı və qida emalı, rəqəmsal texnologiyalar, turizm, infrastruktur və bərpa olunan enerji artıq investisiya gündəliyinin əsas istiqamətləri sırasında yer alır", - o bildirib.
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin müraciətində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın yalnız kapital axtarmaması ilə bağlıdır.
"Prezident İlham Əliyev qeyd edib ki, ölkə “texnologiyanı, təcrübəni, innovasiyanı və yeni bazarlara çıxışı yüksək qiymətləndirir”. Bu yanaşma investisiyanın mahiyyətini dəyişir: söhbət yalnız maliyyə vəsaitinin ölkəyə gətirilməsindən deyil, həmin kapitalın yeni istehsal imkanları, texnologiyalar, ixrac bazarları və ixtisaslı iş yerləri yaratmasından gedir.
Forumun gündəliyinə baxdıqda bu yanaşmanı aydın görmək mümkündür. Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznes, turizm, daşınmaz əmlak və insan kapitalı üzrə sessiyalar keçirilir. Belə geniş gündəlik Azərbaycanın özünü yalnız bir sektor üzrə deyil, müxtəlif istiqamətlər üzrə investisiya imkanları təqdim edən iqtisadi məkan kimi göstərmək istədiyini ortaya qoyur", - o bildirib.
Politoloq vurğulayıb ki, nəqliyyat və logistika isə bu imkanların mühüm dayaqlarından biridir.
"Azərbaycan Şərq–Qərb və Şimal–Cənub marşrutlarının kəsişməsində yerləşir. Orta Dəhlizin inkişafı Mərkəzi Asiyanı Xəzər vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir. Bu marşrutun genişlənməsi nəqliyyat infrastrukturu ilə yanaşı, anbar, logistika, istehsal və ticarət xidmətlərinə də yeni investisiya imkanları yaradır.
Enerji sahəsində də oxşar dəyişiklik müşahidə olunur. Azərbaycan ənənəvi enerji resursları üzrə etibarlı tərəfdaş olmaqla yanaşı, bərpa olunan enerji və yaşıl enerji dəhlizlərinin inkişafını yeni iqtisadi istiqamət kimi təqdim edir. Bu isə investorlar üçün enerji istehsalı ilə məhdudlaşmayan, elektrik ötürülməsi, texnologiya və infrastruktur daxil olmaqla daha geniş layihələr zənciri yaradır", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, sənaye zonaları və Ələt Azad İqtisadi Zonası da investisiya imkanlarının praktiki tərəfini gücləndirir. Hazır infrastruktur, vergi və gömrük güzəştləri, dövlət-özəl tərəfdaşlığı mexanizmləri investorların layihəni yalnız ideya səviyyəsində deyil, konkret istehsal və ixrac imkanları üzərindən qiymətləndirməsinə şərait yaradır.
"İşğaldan azad edilmiş ərazilər isə ayrıca investisiya istiqaməti kimi diqqət çəkir. Burada nəqliyyat, enerji və kommunal infrastrukturun qurulması ilə paralel olaraq sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə yeni iqtisadi fəaliyyət imkanları formalaşır", - o bildirib.
A.Qarayev qeyd edib ki, forumun əhəmiyyətini artıran əsas amillərdən biri də onun artıq real nəticəyə çevrilən bir platforma olmasıdır. 2025-ci ildə keçirilən ilk Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1000-dən çox iştirakçı bir araya gəlib, ümumi dəyəri 10 milyard dollardan çox olan investisiya sazişləri imzalanıb. Bunun 7 milyard dollardan çoxu qeyri-neft sektoruna aid olub.
"Bu baxımdan ikinci forum Azərbaycanın investorlarla münasibətlərində növbəti mərhələni ifadə edir. Burada əsas məsələ yalnız yeni layihələrin təqdim olunması deyil. Azərbaycanın iqtisadiyyatının hansı istiqamətlərdə böyüyəcəyi, hansı texnologiyaların ölkəyə gələcəyi, hansı istehsal və logistika zəncirlərinin formalaşacağı və ölkənin regional iqtisadi əlaqələrdə rolunun necə genişlənəcəyi də müzakirə olunur.
Bakıda keçirilən forumun mesajı da məhz buradadır: Azərbaycanın investisiya gündəliyi artıq yalnız mövcud imkanların təqdimatından ibarət deyil. Qarşıdakı mərhələdə məqsəd kapitalı texnologiya, istehsal, ixrac, enerji, logistika və insan kapitalı ilə birləşdirən uzunmüddətli tərəfdaşlıqlar qurmaqdır. Forumun iki gün ərzində aparılan müzakirələrinin konkret layihələrə çevrilməsi isə bu platformanın real nəticəsini müəyyənləşdirəcək", - politoloq əlavə edib.