Bakı. Trend:
Kolumbiya rəhbərliyi Tehranın “beynəlxalq terrorçu qruplaşmalarla ehtimal olunan əlaqələrdə” olduğunu əsas gətirərək İranla diplomatik münasibətlərin kəsilməsi barədə qərar qəbul edib.
Müvafiq bəyanat Kolumbiyanın Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
“Xarici İşlər Nazirliyi Kolumbiya hökuməti adından bildirir ki, İran İslam Respublikası ilə diplomatik münasibətləri rəsmi şəkildə kəsir”, - deyə bəyanatda bildirilir.
“Bu qərar İran hökumətinin ölkənin təhlükəsizliyinə təhdid yaradan beynəlxalq terrorçu qruplaşmalar və digər narkoterrorçu təşkilatlarla ehtimal olunan əlaqələri nəzərə alınaraq qəbul edilib”.
Boqota hesab edir ki, İran hakimiyyəti həmçinin “insan hüquqlarının pozulmasına, Yaxın Şərqdəki münaqişədə iştirak etməyən ölkələrə hücumlara, Hörmüz boğazının bloklanmasına, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramının miqyasını yoxlamaq səylərinə mane olmağa” görə məsuliyyət daşıyır.
Kolumbiyanın Xarici İşlər Nazirliyi qeyd edir ki, diplomatik münasibətlərin kəsilməsi konsulluq münasibətlərinin dayandırılması demək deyil.
Xatırladaq ki, avqust ayında Abelardo de la Esprielya Kolumbiya prezidenti vəzifəsinin icrasına başlayıb. Siyasətçi ABŞ ilə hərbi əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır və amerikalı hərbçilərin narkokartellərin laboratoriyalarına endirilən zərbələrdə iştirak etməsi imkanını nəzərdən keçirmək niyyətindədir.