Bakı.Trend:
Səudiyyə Ərəbistanının hava hücumlarından müdafiə qüvvələri Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) ölkənin Ət-Taif və Yanbu şəhərlərinə endirdiyi raket zərbələrinin qarşısını alıb.
Bu barədə Ərəb koalisiyasının rəsmi nümayəndəsi, general-mayor Türki əl-Maliki bildirib.
“Krallığın hava hücumlarından müdafiə qüvvələri husilər tərəfindən buraxılan altı ballistik raketi ələ keçirərək məhv edib. Raketlər Ət-Taif və Yanbu şəhərlərindəki obyektləri hədəfə almışdı. Hər iki halda raketlərin qarşısının alınması sistemləri uğurla işləyib”, - deyə hərbi nümayəndə qeyd edib.
Əl-Maliki xəbərdarlıq edib ki, husilərin hərbi eskalasiyasına Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın qətiyyətli müqaviməti ilə qarşılıq veriləcək.
Bundan əvvəl krallığın Mülki Müdafiə Xidməti sakinləri müqəddəs Məkkə, Ciddə və Tabuk şəhərlərinə raket zərbələri endirilməsi təhlükəsi barədə xəbərdar etmişdi.