Bakı. Trend:
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ hökumətinin təşkilatçılığı ilə keçirilən “Sülh vasitəsilə rifah: Trans-Xəzər Ticarət Marşrutuna və TRIPP-ə investisiya” adlı tədbirdə çıxış edib.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib.
Nazir çıxışında Azərbaycanın regional əlaqələrin gücləndirilməsi ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi regionda iqtisadi artımın sürətləndirilməsinə, təchizat zəncirlərinin dayanıqlığının artırılmasına və yeni investisiya imkanlarının formalaşmasına mühüm töhfə verə bilər.
Tədbirin əsas müzakirə mövzularından biri TRIPP layihəsi olub. Bildirilib ki, Vaşinqton Sammitinin əsas nəticələrindən biri kimi qiymətləndirilən TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur. Layihənin daha geniş regional əlaqələrin inkişafına və regionda uzunmüddətli sülhün möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanıb.
Ceyhun Bayramov TRIPP-in reallaşdırılması istiqamətində ABŞ tərəfindən görülən işləri yüksək qiymətləndirib və bu prosesə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
XİN rəhbəri qeyd edib ki, layihənin əhəmiyyəti yalnız nəqliyyat sektoru ilə məhdudlaşmır. Onun sözlərinə görə, TRIPP regional enerji bağlantılarının inkişafı və enerji mənbələrinin şaxələndirilməsi baxımından da geniş imkanlar yaradır.
Çıxış zamanı Azərbaycanın nəqliyyat və logistika sahəsində reallaşdırdığı layihələrə də toxunulub. Qeyd edilib ki, Bakı Limanı və Ələt Azad İqtisadi Zonası ətrafında inteqrasiya olunmuş nəqliyyat-logistika qovşağının yaradılması istiqamətində investisiya layihələri davam etdirilir.
Nazir rəqəmsallaşmanın genişləndirilməsinin, logistika və gömrük prosedurlarının sadələşdirilməsinin, həmçinin regional tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu çərçivədə Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan arasında həyata keçirilən koordinasiya yol xəritələrinin regional nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.