Bakı. Trend:
Kosta-Rika hökuməti mart ayında Kuba ilə diplomatik münasibətləri kəsdiyini açıqlayıb. Kuba isə San-Xosenin bu qərarı barədə rəsmi şəkildə heç vaxt məlumatlandırılmadığını bildirib və Havananın fikrincə, Kosta-Rika ABŞ-yə “tabe olub”.
Mart ayında Kosta-Rika Havana şəhərindəki səfirliyini bağlayacağını və kubalı diplomatları ölkədən çıxaracağını açıqlamışdı. Həmin vaxt ölkənin prezidenti olan və Donald Trampın müttəfiqi sayılan Rodriqo Çaves “yarımkürəni kommunistlərdən təmizləməyə” çağırmışdı. Ötən gün Kosta-Rikanın xarici işlər naziri Manuel Tovar "X" sosial şəbəkəsində bildirib ki, həmin vaxtdan etibarən onun hökuməti Havana ilə münasibətlər saxlamır.
“Altı onillikdən artıqdır ki, Kuba xalqının azadlığını və rifahını inkar edən tiranlığı” pisləyən Manuel Tovar bu həftə ABŞ-də dövlət katibi Marko Rubio ilə görüşüb. O, Kosta-Rikanın “Kastro rejimi ilə diplomatik münasibətlərin kəsilməsi məsələsində qəti və aydın mövqedə” olduğunu bir daha vurğulayıb.
Manuel Tovar səfəri zamanı "Miami Herald" qəzetinə bildirib ki, Kosta-Rika mart ayında, Rodriqo Çavesin prezidentliyi dövründə Kuba ilə diplomatik münasibətləri kəsib. Onun sözlərinə görə, bu qərar Çavesin varisi Laura Fernandesin dövründə də “qüvvədə saxlanılıb”.
Kuba hökuməti bu açıqlamalara reaksiya verərək Kosta-Rikanın qərarından “tamamilə xəbərsiz” olduğunu və “bu barədə heç vaxt rəsmi şəkildə məlumatlandırılmadığını” bildirib.
Kuba hökuməti açıqlamasında əlavə edib ki, San-Xose daha əvvəl səfirliyin bağlanmasının “diplomatik münasibətlərin kəsilməsi demək olmadığını” bildirib.
“Kosta-Rika hökumətinin Kubaya münasibətdə ABŞ siyasətinə tabeçiliyinin yeni aktına şahid oluruq”, - deyə Havana bildirib.