Bakı. Trend:
Slovakiya hökuməti Moskva ilə münaqişəni qızışdıranların maraqları naminə uydurma bəhanə əsasında Rusiya ilə döyüşmək üçün hərbçilərini göndərməyəcək.
Fitso daha əvvəl NATO ilə Rusiya arasında böyük münaqişə üçün bəhanə axtarıldığını düşündüyünü bildirib.
“Əgər kimsə öz milli maraqlarını təmin etmək naminə NATO ilə Rusiya arasında hərbi münaqişənin qızışdırılmasında maraqlıdırsa, belə addıma görə məsuliyyəti özü daşımalıdır, onu NATO-ya üzv digər dövlətlərin üzərinə qoymamalıdır”, - deyə baş nazir vətəndaşlara videomüraciətində bildirib. Müraciət “Facebook”da yayımlanıb (“Facebook” Rusiyada qadağandır, Rusiyada ekstremist kimi tanınan “Meta” korporasiyasına məxsusdur).
“Döyüşün başlanması üçün bəhanə yaratmaq çətin deyil. Lakin biz həqiqətən NATO-ya daxil olmayan bir ölkənin Şimali Atlantika Alyansının bir və ya bir neçə üzv dövlətinə silahlı hücumundan söhbət getdiyini, yoxsa başqa bir vəziyyət olduğunu ayırd edəcək qədər yetkinik. Mənim hökumətim hakimiyyətdə olduğu müddətdə heç kim saxta bəhanə əsasında Slovakiya hərbçilərini Slovakiyanın hüdudlarından kənara Rusiya və ya hər hansı digər ölkə ilə döyüşməyə göndərməyəcək”, - deyə Fitso vurğulayıb.
Fitso “saxta həmrəylikdən danışmağa son qoymağa” çağırıb.
“Avropa İttifaqında hətta elektrik enerjisinin qiymətləri məsələsində belə həmrəylik nümayiş etdirə bilmirik”, - deyə o qeyd edib.
Baş nazirin sözlərinə görə, Aİ-də həmrəylik yoxdur və bunu, xüsusilə, Şengen zonasına daxil olan dövlətlərin daxili sərhədlərində sərhəd nəzarətinin bərpa edilməsi də təsdiqləyir.
Slovakiya hökumət başçısının sözlərinə görə, Qərbdə Rusiyaya qarşı çağırışlardan öz problemlərinə diqqəti yayındırmaq məqsədilə istifadə olunur.